Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınıb.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib.
Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Sonra Dövlət Himni səslənib.
Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektivləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin əməkdaşları, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb.
Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.
Ümummilli Liderimiz yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirib, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, Ulu Öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırıb.
Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başladı və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazıldı.
Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi dövrdə 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verib. Dahi şəxsiyyətin rəhbərliyi ilə Ali Məclis 1990-cı il 21 noyabr tarixli “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edib, həmin qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması əksini tapıb. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir.
Bugünkü müstəqil, qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “20 yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda da qeyd olunduğu kimi: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.
Tədbirdən sonra Ali Məclisin Sədri Xatirə Muzeyinə gəlib.
Məlumat verilib ki, muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeyin fondundakı 2 minə yaxın eksponat xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilib.
Ali Məclisin Sədri Xatirə Muzeyində məktəblilərin iştirakı ilə açıq dərslərin keçirilməsi və qəhrəmanlıq tariximiz barədə gənc nəslin məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Həmin gün saat 12:00-da muxtar respublikada şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər keçirilib.