Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 13-də Vənənd kənd Uşaq-Musiqi məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbəli məktəb binasında tədris üçün bütün imkanlar yaradılıb. Binada direktor və müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, saz, kamança, nəfəsli alətlər, tar, fortepiano, xanəndəlik sinfi olmaqla, 34 sinif otağı, 22 yerlik konsert zalı, musiqi ədəbiyyatı və oxunması zəruri olan kitablarla təmin edilmiş kitabxana, musiqi alətlərinin təmiri otağı və arxiv yerləşir.

Musiqi alətlərinin təmiri ustası-müəllim Vahid Məmmədov yaradılan şəraitin fəaliyyət üçün geniş imkanlar açdığını bildirib, daha səylə çalışacaqlarına söz verib.

Məktəbdə Xalq Çalğı Alətləri və Nəfəsli alətlər orkestrləri, Sazçalanlar və Nağaraçalanlar ansamblları, eləcə də Xor kollektivi fəaliyyət göstərir, fortepiano, tar, kamança, nağara, saz, qarmon, klarnet və xanəndəlik ixtisasları tədris olunur.

Ali Məclisin Sədri musiqi məktəbinin müəllimləri ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, muxtar respublikada mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişafı əsas vəzifələr sırasındadır. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məktəbin müəllimi Leyla Yaqubova deyib: “Kəndimizdəki musiqi məktəbi Sovet dönəmindən qalmış köhnə və heç bir şəraiti olmayan binada yerləşirdi. Lakin Ali Məclis Sədrinin qayğısı ilə Vənənd kəndində aparılan geniş quruculuq işləri musiqi məktəbini də əhatə edib. Bu gün müasir tələblər səviyyəsində, yüksək standartlara cavab verən musiqi məktəbi kollektivin istifadəsinə verilir. Çalışacağıq ki, yaradılan şəraitin müqabilində daha əzmlə fəaliyyət göstərək, musiqi sənətinin sirlərini gənc nəslə öyrədək. Yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlığımızı bildirir, qarşıdan gələn doğum gününüz münasibətlə təbrik edir və dövlətçilik fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasında 26 uşaq-musiqi məktəbi fəaliyyət göstərir. Onlardan 2-si Ordubad rayonunda – Ordubad şəhərində və Vənənd kəndində yerləşir. Bu gün muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə hərtərəfli şərait yaradılmışdır. Uşaq-musiqi məktəbləri ilə yanaşı, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və konservatoriyası fəaliyyət göstərir. Ona görə də musiqi məktəblərinin üzərinə mühüm vəzifə düşür. Uşaq-musiqi məktəblərində təhsil alan gənclərə gələcəkdə musiqi təhsillərini davam etdirmələri üçün seçdiyi ixtisaslar dərindən öyrədilməlidir. Bu gün musiqi məktəblərində ixtisaslı müəllimlər dərs deyir. Bunlar da imkan verir ki, musiqi təhsili gənclərə yaxşı öyrədilsin. Çünki musiqi məktəblərində təhsilin düzgün təşkili ölkənin mədəniyyətinin inkişafına da böyük töhfədir. Milli musiqimiz, xalq və bəstəkar mahnıları, dünya musiqisi gənc nəslə musiqi məktəblərində öyrədilir.

Ali Məclisin Sədri deyib: Azərbaycan milli musiqisinin və mədəniyyətinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərliyi dövründə musiqi mədəniyyətimizin inkişafını diqqətdə saxlamış, yeni əsərlər yazılmışdır. Ölkəmizdə Ümummilli Liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün də musiqi sənətinin inkişafı sahəsində nailiyyətlər vardır. Vaxtilə Azərbaycan gəncləri yalnız Sovetlər Birliyindəki məktəblərdə təhsil ala bilirdilərsə, bu gün müstəqil Azərbaycanın gəncləri dünya konservatoriyalarında tanınmış musiqiçilərdən dərs alırlar.

Qeyd olunub ki, peşəkar musiqiçilərin yetişməsində ilkin musiqi təhsili mühüm əhəmiyyət daşıyır. Ona görə də musiqi məktəblərində gənclərə yaxşı təhsil verilməli, milli musiqinin sirləri dərindən öyrədilməlidir. Vənənd kənd Uşaq-Musiqi məktəbində bu vəzifələrin icrası üçün lazımi şərait yaradılıb. Burada 8 ixtisas üzrə 119 şagird təhsil alır. 34 nəfərdən ibarət pedaqoji kollektiv şagirdlərə musiqi təhsili verir. Ona görə də təhsilin səviyyəsi daim yüksək olmalı, musiqiyə marağı olan şagirdlər məktəbə cəlb edilməlidir.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkürünü bildirib, onlara təhsildə uğurlar arzulayıb.

Konsert zalında məktəbin şagirdləri musiqi nömrələri təqdim ediblər.