Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsgərləri ilə görüşüb, onlara bayram sovqatı təqdim ediblər.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əsgərlərlə səmimi söhbət edərək deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında istər əsgərlərin, istərsə də zabit-gizir ailələrinin sosial məişət şəraitinin artırılması, yeni xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi ardıcıl xarakter alıb. Xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi texniki bazası ilbəil gücləndirilir. Son illər silahlı qüvvələrin taktiki təlimlərində daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir.
Nazir qeyd edib ki, əsgərlər şərəfli bir vəzifəni yerinə yetirdiyi üçün xalqımız və dövlətimiz onlarla qürur duyur. Birlik və həmrəylik hərbi xidmətin əsasını təşkil edir. Düşmən qarşısında güclü olmaq üçün, ilk növbədə, şəxsi heyət arasında birlik yaradılmalıdır.
Əsgər və zabitlərimizdə bu birliyin daha da güclü olmasını arzu edən nazir vətənə sədaqətlə xidmət edən hərbçiləri bayramlar münasibətilə təbrik edərək onlara şərəfli xidməti vəzifələrində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov çıxışında hərbi hissədə xidmət edən əsgər və zabitləri bayramlar münasibəti ilə təbrik edib.
Hərbi hissənin əsgərlərindən Ağabəy Ağabəyli və Ceyhun Məhərrəmov onlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlıqlarını bildiriblər.
Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.
Sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında konsert proqramı təşkil olunub.
Tədbirin bədii hissəsində briqadanın özfəaliyyət kollektivi “Şahinlər” instrumental ansamblı konsert proqramı ilə çıxış edib. Əsgər və zabitlərin oxuduqları mahnılar, ifa olunan rəqslər alqışlarla qarşılanıb. Tədbir hərbi hissənin qonaqları və əsgərlərin iştirakı ilə bayram süfrəsi arxasında davam etdirilib.