Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur rayonunda Sənaye Məhəlləsi yaradılır.
Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Sənaye Məhəlləsinin yaradıldığı əraziyə gəlib, görülən işlərlə tanış olub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev layihə əsasında sənaye məhəlləsində yaradılacaq istehsalı sahələri haqqında məlumat verib. Qeyd olunub ki, 6 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub. Məqsəd tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək, əhalinin məşğulluq səviyyəsini artırmaqdır. Tikinti aparılacaq sahələr, o cümlədən istehsal prosesi, istehsal sahələrinin illik gücü, məhsulların ümumi dəyəri, alınacaq avadanlıqlar haqqında da ətraflı məlumat verilib.
Ali Məclisin Sədri tikinti işlərinin layihəyə uyğun aparılması, daha çox tələbat olan məhsulların istehsalına üstünlük verilməsi, mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.