Oktyabrın 28-də Gülşənabad Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
2 mərtəbəli binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 4174 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və zal yerləşir. Bildirilib ki, ərazi ilk təşkilatının 147 üzvü vardır ki, onların da 45-i gənc, 60-ı isə qadındır.
Kitabxanaçı Sevinc Məmmədova kitabxananın əvvəllər lazımi şəraiti olmayan binada yerləşdiyini diqqətə çatdırıb, yeni kitabxanada oxuculara hərtərəfli xidmət göstərəcəklərini bildirib.
Kənddə baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri və tədbirləri aparılır. Rabitə evində poçt bölməsi yaradılıb, göstərilən xidmətlərin səviyyəsi yüksəldilib. Burada yeni nəsil texnologiyalara əsaslanan 192 nömrə tutumlu ATS quraşdırılıb, sürətli internetə çıxış imkanı yaradılıb.
Feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Məntəqədə tibbi xidmətin təşkili, eləcə də ginekoloji müayinələrin aparılması üçün şərait yaradılıb, təcili yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlar qoyulub.
Ali Məclis Sədrinə minnətdarlıq edən məntəqə müdiri Abuzər Hüseynov və mama Aysel Seyidova tibbi xidmətin təşkili üçün yaradılan şəraitin daha səmərəli fəaliyyət göstərməyə imkan verəcəyini bildiriblər.
Ali Məclisin Sədri əhalinin sağlamlığına diqqətin artırılması ilə bağlı tapşırıqlar verib.