Avqustun 9-da – müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunub, eyni zamanda, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, hərbi xidməti vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş şəxsə və Çernobıl qəzasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili verilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər xüsusi qayğıya ehtiyacı olan şəxsləri də əhatə edir. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri mənzillər və minik avtomobilləri ilə təmin olunur, onların tibbi bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2019-cu ilin ötən dövründə 481 sağlamlıq imkanları məhdud şəxsin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 278 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 nəfərə minik avtomobili, 12 ailəyə fərdi yaşayış evi və mənzil təqdim olunub. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanları təbrik edərək deyib: Azərbaycanda Vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Bu gün fərdi yaşayış evi, mənzil və avtomobil təqdim olunanlar da xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, vətənpərvərlik nümunəsi göstərmiş şəxslərdir. Bunlar o yerdə baş verir ki, həmin ölkədə dövlət-xalq birliyi vardır. Dövlət xalqına arxalanır, xalq isə dövlətinə inanır. Belə olan halda isə hər bir şəxs dövləti qarşısında öz xidməti borcunu layiqincə yerinə yetirməyə çalışır.
“Bu gün fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanlara dövlətin göstərdiyi qayğı cəmiyyət üçün nümunədir. Cəmiyyətdə bu insanlara xüsusi hörmət və diqqət vardır. Müqəddəs Qurban bayramı ərəfəsində dövlət qayğısı ilə əhatə olunmaq isə hər bir ailəyə ikiqat bayram sevinci yaşadır”, – deyən Ali Məclisin Sədri Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanlara təşəkkür edib.
Sonra Ali Məclisin Sədri fərdi yaşayış evi və mənzillərin orderlərini, eləcə də minik avtomobillərinin açarlarını təqdim edib.
Mənzil və avtomobillə təmin olunanlardan Qurban Yolçuyev, Nuhin Əhmədov, Bilal Qurbanov, Vahid Hüseynov və Tağı Tağıyev qeyd ediblər ki, bu gün də Ali Baş Komandanın əmrinə hazırıq. Qarşımızda duran vəzifə övladlarımızı da Vətənə layiqli əsgər kimi yetişdirməkdir.
Fərdi yaşayış evi ilə təmin olunan Səfər Məmmədovun övladı Murad Məmmədov minnətdarlıq edərək deyib: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu gündəlik həyatımızda daha çox hiss edirik. Sağlamlıq imkanları məhdud şəxslər mənzillə və minik avtomobilləri ilə təmin olunur, müalicələrinə köməklik göstərilir. Yaradılan şəraitin nəticəsidir ki, rahat və firavan yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi və Qurban bayramı ərəfəsində ailəmizin mənzillə təmin olunması bizi çox sevindirdi. Murad Məmmədov Ulu Öndərə həsr etdiyi şeirini oxuyub:
Gəlişinlə qurtulubdur bu Vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.
Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad-sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.
Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.
Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə, ulu bir öndər.
Fərdi yaşayış evləri Şərur rayonunun Maxta, Culfa rayonunun Yaycı və Şahbuz rayonunun Badamlı kəndlərində tikilib. Mənzillərdən biri Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında, digəri isə Naxçıvan şəhərində yerləşir. Fərdi yaşayış evləri və mənzillər tam təmir olunub, müasir kommunal-məişət şəraiti yaradılıb.