İyunun 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salıb.
Məlumat verilib ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınıb, müasir proqram təminatı yaradılıb. Son 10 ilin statistik məlumatları serverə işlənilib. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən lisenziyalı proqramlardan istifadə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sisteminin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin strukturuna 8 şəhər və rayon idarəsi daxildir. Muxtar respublika üzrə 174 inzibati ərazi dairəsi üzrə statistika işçisi ştatı yaradılmış, kənd mərkəzlərində statistika işçiləri üçün otaq ayrılmışdır. Komitənin əsas fəaliyyət istiqaməti əhali və kənd təsərrüfatı üzrə siyahıyaalmanı həyata keçirmək, 18 istiqamət üzrə 259 adda statistik hesabatları ümumiləşdirmək və təhlilini aparmaqdan ibarətdir.
Qeyd olunub ki, statistikanın vacibliyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamına əsasən “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Dövlət Proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sistemi yaradılıb. Müasir proqram təminatına malik sistemdə hazırda 58 min 620 hüquqi və fiziki şəxsin 87 min 834 rəsmi hesabatı vardır. Yeni sistemin qurulmasında əsas məqsəd muxtar respublikada statistika haqqında dolğun məlumatları əldə etməkdən ibarətdir. Çünki dəqiq statistik məlumatlar muxtar respublikanın inkişafı ilə bağlı düzgün qərarların qəbul olunmasına imkan verir. Eyni zamanda, düzgün statistik məlumatlar muxtar respublikanın inkişaf göstəricilərini, əhali artımını və buna uyğun olaraq ehtiyatların yaradılmasını təhlil etməyə şərait yaradır.
Ali Məclisin Sədri deyib: Müasir inzibati binaların tikilərək istifadəyə verilməsi, ərazi nümayəndəliklərində statistika ştatlarının təsis olunması, şəhər və rayon idarələrinin yaradılması muxtar respublikanın statistika orqanlarının fəaliyyətində əsaslı dönüşə səbəb olmuşdur. Artıq Dövlət Statistika Komitəsinin fəaliyyəti üçün hərtərəfli şərait var. Statistik Məlumatlar Sisteminin təqdimatı isə kollektivin işini xeyli asanlaşdıracaqdır. Ona görə də statistika işçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, məlumatlar onlayn qəbul edilməli və işlənilməli, düzgün və təhlilli statistik hesabatlar hazırlanmalıdır. Vaxtilə statistika işçiləri təsərrüfatbaşı kitablar vasitəsilə məlumatları əldə edirdilərsə, bundan sonra bütün hesabatlar onlayn formada qəbul olunacaq və ümumiləşdiriləcəkdir.
Ali Məclisin Sədri deyib: Statistika vacib sahədir. Ona görə də muxtar respublikada bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Çünki statistik məlumatların düzgünlüyü muxtar respublikanın inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir. Eyni zamanda, yeni innovasiyaların tətbiqi həm də yeni mütəxəssislərin hazırlanması deməkdir. Artıq statistika işçiləri yeni sistemdən istifadə edərək mütəxəssis kimi formalaşacaqlar.
Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək deyib ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində mühüm işlər görülür. Dövlət Statistika Komitəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin ötən 5 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yerli strukturları tərəfindən onlayn rejimdə, ümumilikdə, 9523 təsərrüfat subyektindən 30 min 174 hesabat qəbul edilib. Bu dövrdə kütləvi informasiya vasitələrində muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdirən 47 təhlili material dərc olunub. Vaqif Rəsulov yeni qurulan Statistik Məlumatlar Sisteminin fəaliyyətin müasir formada təşkilinə imkan verəcəyini bildirib, göstərilən qayğıya görə statistika işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov Statistik Məlumatlar Sistemi barədə məlumat verib. Bildirilib ki, sistem yaradılarkən fiber-optik xətt üzərindən Dövlət Statistika Komitəsi ilə şəhər və rayon idarələri arasında qapalı şəbəkə yaradılıb, məlumatların sürətli ötürülməsi təmin edilib. Yeni sistem 2 hissədən ibarətdir. Birinci hissədə tətbiqi server avadanlıqları, serverlər üçün əməliyyat və təhlükəsizlik sistemləri, köməkçi avadanlıqlar və lisenziyalar, eləcə də statistika idarələri və internet şəbəkəsi üzərindən müvafiq lokal və virtual arabağlantılar qurulub. İkinci hissədə isə 18 istiqamət üzrə 259 adda statistik hesabatın təqvim planına uyğun olaraq real vaxt rejimində Dövlət Statistika Komitəsinə təqdim olunması və bu məlumatlar əsasında 7 minədək çıxarış cədvəllərinin tərtib edilməsini təmin edən proqram təminatı hazırlanıb.
Proqram təminatı müəssisə və təşkilatların elektron qeydiyyatını aparır, təsərrüfat subyektlərinin təqdim edəcəyi hesabatları seçir və məlumat bazası yaradır. Bu zaman hesabat formaları üzrə daxil edilən ilkin məlumatların nəzarət şərtlərinə uyğunluğu avtomatik yoxlanılır və yol verilən səhvlər barədə istifadəçilər məlumatlandırılır. Statistik təsnifatların və köməkçi məlumatların idarə edilməsi bölməsində istifadəçilərin qeydiyyat məlumatı, statistik hesabatların təsnifatı, təqvimi, rəsmi statistikanın sahələri, hüquqi və fiziki şəxslərin reyestri öz əksini tapıb. İstifadəçilər sistemə daxil olarkən qeydiyyatdan keçir və onlara şifrələr verilir. Qeydiyyatdan keçmiş istifadəçilər hesabat dövri başa çatana qədər onlara aid məlumatlar üzərində düzəliş və dəyişikliklər aparmaq, çap etmək və yenidən göndərmək imkanına malikdirlər.
Proqram təminatı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin statistika.nmr.az internet saytı ilə əlaqələndirilib, istifadəçilərin qeydiyyat məlumatları üzərində müvafiq əməliyyatlar aparması təmin edilib. Həmçinin burada statistik hesabatların təsnifatları və formaları, hesabatların işlənmə qaydaları haqqında təlimatlar, statistik hesabatların təqvimi və rəsmi statistikanın sahələri üzrə müvafiq formalar yerləşdirilib.
Statistik Məlumatlar Sisteminin əsas üstünlüyü proqramların muxtar respublikanın statistika işçiləri tərəfindən idarə olunması və təsərrüfat subyektləri tərəfindən daxil edilmiş hesabatlar üzrə məlumatların elektron bazasının yaradılmasıdır. Bu da muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin operativ qeydə alınmasına, təhlil edilərək ümumiləşdirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının inkişafında statistika işçilərinin fəaliyyətini qeyd edib, kollektivə təşəkkürünü bildirib, muxtar respublikanın illik statistik məcmuəsinin hazırlanması, qəbul olunmuş dövlət proqramlarının icrası barədə hesabatların təqdim olunması, eləcə də digər müvafiq təşkilatlarda da elektron məlumat sistemlərin qurulması barədə tapşırıqlar verib.