Bu gün muxtar respublikada yol təsərrüfatının inkişafına diqqət artırılır. Qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu da yenidən qurulur.

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunda görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, yolun 18 kilometrlik hissəsində tikinti işləri yekunlaşıb, bir körpü inşa olunub, asfalt örtük salınıb. Hazırda Gilançay üzərindəki körpünün yenidən qurulması davam etdirilir. Tikinti işləri aparılarkən yolda yeni su keçidləri qoyulur, gələcəkdə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün tədbirlər görülür, tikinti normalarına əməl olunur.

Ali Məclisin Sədri keyfiyyətin əsas götürülməsi, çay yataqlarında selqırıcı bəndlərin tikilməsi, eləcə də kənd yollarının təmirinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.