Daxili Qoşunların Naxçıvan Əlahiddə əməliyyat birqadasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Mərasimə hazırlıq barədə raport verildikdən sonra Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi and içiblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbriki şəxsi heyətə çatdırılıb. Mərasimdə briqada komandiri, general-mayor Səlim Niftəliyev çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycana sadiq olacaqlarına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb. Həmçinin General-mayor Səlim Niftəliyev qeyd edib ki, Muxtar Respublikada bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi baza təkmilləşdirilib. Gənc əsgərlər hərbi xidmət dövründə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməlidirlər.
Tədbirdə çıxış edənlər əsgərləri təbrik edib, onlara xidmətdə müvəffəqiyyətlər arzulayıblar.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Rəsmi mərasim bağlı elan olunduqdan sonra əsgərlərin valideyinləri ilə görüşləri təşkil edilib və hərbi hissədə yaradılan şəraitlə tanışlıq olub.