Martın 14-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilib. Artıq muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd təsərrüfatı texnikaları istifadə olunur.
Qeyd olunub ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün muxtar respublikada 31 min 667 hektar sahədə taxıl əkini aparılıb. Artıq muxtar respublikada yaz-tarla işlərinə başlanılıb. Bu ilin yazında 27 min hektardan artıq sahədə əkin aparılacaq. Eyni zamanda, 70 hektar sahədə yeni meyvə bağları, 6 hektar sahədə üzüm bağı, 106 hektar sahədə tinglə bərpa, 170 hektar sahədə isə toxumla bərpa olmaqla, ümumilikdə, 352 hektar sahədə yaşıllaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması və Tədbirlər Planının təsdiq edilməsi bu sahənin inkişafına səbəb olub. Hazırda muxtar respublikada 525 böyük ailə təsərrüfatı mövcuddur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafını təmin etmiş, əkinəyararlı torpaqlar əkin dövriyyəsinə qatılmış, aqrar sahədə məhsul istehsalı artırılmışdır. Bu işlərin həyata keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, muxtar respublikada torpaqlardan səmərəli istifadə olunsun, insanların məşğulluğu və ərzaq təhlükəsizliyi təmin edilsin, məhsul ixracı yaransın. Artıq muxtar respublikada ərzaq təhlükəsizliyi təmin edilmiş, daxili tələbat ödənilməklə yanaşı, həm də kənd təsərrüfatı məhsullarının ixracına başlanılmışdır. Bütün bunlar isə yaradılan şəraitin, eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanların səyləri hesabına olmuşdur.
Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatının inkişafında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Bu gün ölkə Prezidenti kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına hərtərəfli diqqət və qayğı göstərir. Ölkəmizin hər yerində əkinəyararlı torpaqlardan səmərəli istifadə olunur. Göstərilən dövlət qayğısı nəticəsində əhalinin bu sahəyə marağı artıb. Torpaq mülkiyyətçilərinə subsidiyaların verilməsi, torpaqların vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının sərbəst satışı üçün şəraitin yaradılması, güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin inkişafına səbəb olmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın aqrolizinq xidmətində 300-dən artıq müasir kənd təsərrüfatı texnikası vardır.
Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikaya rəhbərlik etdiyi zaman torpaqların özəlləşdirilməsinə başlanılmış və bu proses 1996-cı ildə başa çatdırılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasının torpaq mülkiyyətçiləri arasında fermer təsərrüfatı yaradanlar və ailə təsərrüfatları quranlar da vardır. Qarşıda duran əsas vəzifə ailə təsərrüfatlarını və fermerləri müasir texnikalarla təmin etməkdən və fəaliyyətlərini genişləndirməkdən ibarətdir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı məhsullarının satış yarmarkaların təşkili və sərbəst ixracı bu sahənin inkişafına səbəb olmuşdur. Meliorativ tədbirlərin görülməsi, torpaqların su təminatının yaxşılaşdırılması, yeraltı suvarma şəbəkələrin qurulması, yeni subartezian quyularının qazılması, kəhrizlərin bərpası, suvarma kanallarının mütəmadi təmizlənməsi və anbarlara suyun yığılması əkilən torpaqlardan səmərəli istifadə olunmasına imkan verir. Eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanlara dövlət dəstəyi ilə güzəştli şərtlərlə texnikaların verilməsi və əl əməyinin yüngülləşdirilməsi həm bu sahəyə marağı, həm də kənd təsərrüfatı məhsulları istehsalında rentabelliyi artırmışdır.
Ali Məclisin Sədri deyib: Bu il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunub. Bu, təsadüfən qəbul olunmuş qərar deyil. Artıq muxtar respublikada ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir, müxtəlif çeşiddə məhsullar istehsal olunur. Ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların qablaşdırılması üçün tədbirlər görülür, yarmarka və festivallar keçirilir. Lakin buna baxmayaraq, rayon icra hakimiyyətləri və aid qurumlar ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək verməlidirlər. Ailə təsərrüfatları maarifləndirilməli, kreditlər verilməli, ailə təsərrüfatlarındakı mal-qaranın sayı artırılmalı, əkin atlaslarından səmərəli istifadə olunmalı, torpaqların xüsusiyyətlərinə uyğun əkinlər aparılmalı və meyvə bağları salınmalıdır. Hər bir ailə təsərrüfatı ilə fərdi iş aparılmalı, onlara istiqamət verilməli, istehsal etdikləri məhsullar daxili bazara çıxarılmalı və ixraca yönəldilməlidir. Rayonlar üzrə ailə təsərrüfatları qeydiyyata alınmalı, gələcəkdə ailə təsərrüfatlarının genişləndirilərək fermer təsərrüfatlarına çevrilməsinə şərait yaradılmalıdır. Gətirilən yeni texnikalar və aqrar sahədə həyata keçirilən digər tədbirlər də ailə təsərrüfatlarının inkişafına xidmət edir. Aid təşkilatlar ailə təsərrüfatlarının inkişafında təşəbbüskarlıq göstərməli, onların ehtiyacları ödənilməli və fəaliyyətləri genişləndirilməlidir. Dövlət bu işlərin görülməsi üçün lazımi şəraiti yaradıb. Çünki ailə təsərrüfatı həm ailə üzvlərinin məşğulluğunu təmin edir, həm də bazarın yerli məhsullarla təminatında mühüm rol oynayır. Ona görə də ailə təsərrüfatlarını inkişaf etdirməklə ərzaq təhlükəsizliyini və məşğulluğu təmin etmək qarşıda duran əsas vəzifədir.
Ali Məclisin Sədri aid dövlət təşkilatları tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə və ailə təsərrüfatlarının formalaşmasında ciddi dönüşə nail olunacağına əminliyini bildirib, bu işdə hər kəsə uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Bildirilib ki, fəaliyyəti dövründə Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2667 kənd təsərrüfatı texnikası alınıb. Həmin texnikaların 2086-sı lizinq yolu ilə torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına və fermerlərə verilib. Lizinqə verilmiş texnikalara görə 7 milyon 370 min manat güzəşt tətbiq edilib, 314 ədəd texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 207 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub. 2019-cu ildə tələbata uyğun olaraq 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Alınan texnikalardan 10-u kombayn, 66-sı traktor, 54-ü kotan, 12-si çiləyici, 15-i rotorlu otbiçən, 13-ü dırmıq, 13-ü gübrəsəpən, 20-si kanalaçan, 15-i qırxım aparatı, 5-i taxılsəpən, 1-i toxumtəmizləyən, 4-ü çizel, 4-ü dərmansəpən, 25-i qüvvəli yem maşını, 10-u otdoğrayan maşın, 2-si əl ilə yer şumlayandır. Həmçinin alınmış avadanlıqlar içərisində 17 dəst çiləmə suvarma sistemi də vardır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında fəaliyyət göstərən baytarlıq aptekləri, ehtiyat hissə və gübrə anbarları, eləcə də təmir sexləri muxtar respublikada yaz-tarla işlərinin, becərmə və yığım proseslərinin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri aqrar sahədə ailə təsərrüfatlarının formalaşdırılması, ailə təsərrüfatlarının tələbatına və sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi, kənd təsərrüfatının inkişafında texnoloji yeniliklərin tətbiqi və səmərəli metodlardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması, rayon icra hakimiyyətləri və İqtisadiyyat Nazirliyi tərəfindən ailə təsərrüfatlarının müraciətlərinin araşdırılması və kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verib.