Muxtar respublikanın kəndlərində aparılan kompleks abadlıq-quruculuq işləri çərçivəsində əhalinin içməli suya olan tələbatının ödənilməsinə xüsusi diqqət yetirilir. Kəndlərdə yeni sosial obyektlərin istifadəyə verilməsi ilə yanaşı, həm də müasir içməli su sistemləri qurulur, sakinlər 24 saat davamlı və keyfiyyətli su ilə təmin olunurlar. Bu sahədə görülən tədbirlərin tərkib hissəsi olaraq Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində də yeni içməli su sistemləri qurulacaq, rayonda sutəmizləyici qurğular kompleksi inşa olunacaqdır.

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonuna gəlib, Zeyvə və Düdəngə kəndlərində həyata keçiriləcək içməli su təchizatı sisteminin layihəsinə baxıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə veriləcəkdir. Layihəyə uyğun olaraq ərazidə diametri 63 millimetrdən 355 millimetrə qədər olan plastik borularla 46 kilometr içməli su xətti çəkiləcəkdir. Həmçinin 1021 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılacaqdır. Su şəbəkəsi üzərində 10 yanğın hidrantı tikiləcəkdir. Həmçinin qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 142 siyirtmə, 6 suboşaldıcı quraşdırılacaqdır.

Zeyvə və Düdəngə kəndlərinin 6700 sakini fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaqdır.

Şərur sutəmizləyici qurğular kompleksində su ozonla dezinfeksiya olunaraq sutəmizləyici qurğuda təmizlənəcək və su anbarlarına yığılacaqdır. Sutəmizləyici qurğu əhalini və sənaye sahələrini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcəkdir. Qurğu gün ərzində 18 min 200 kubmetr sutəmizləmə gücünə malik olacaqdır. Qurğuda hər birinin sutəmizləmə gücü saniyədə 42 litr olan 5 dəst avadanlıq quraşdırılacaqdır. Gələcəkdə suya ehtiyac artarsa bu zaman qurğuda əlavə olaraq iki dəst avadanlıq quraşdırmaq üçün ehtiyat yer nəzərdə tutulub. Hazırda hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7500 kubmetr olan bir ədəd su anbarı tikilib.

Rayonda su anbarlarının səviyyəsi, giriş və çıxış siyirtmələrinin açılıb bağlanması, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunacaq və iş prosesi avtomatik idarə ediləcəkdir.

Ali Məclisin Sədri layihə üzrə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.