Martın 7-də Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzil təqdim olunub, Kəngərli rayon dini icmasına xidməti avtomobil verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanların reabilitasiyası, onlara sosial xidmətlərin göstərilməsi, təhsili, məşğulluğu və yaradıcı potensiallarının aşkar edilməsi daim diqqət mərkəzindədir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu günədək şəhid ailələrinə və müvafiq kateqoriyadan olan şəxslərə 217 mənzil və fərdi evlər, 462 nəfərə isə minik avtomobilləri təqdim edilib. Bu gün sağlamlıq imkanı məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına və xidməti vəzifəsinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə mənzillərin verilməsi də bu sahədə görülən işlərin davamıdır. Nicat Babayev göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Kəngərli rayon dini icmasının rəhbəri Mirtofiq Seyidov minnətdarlıq edərək deyib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində geniş quruculuq işləri aparılır. Sosial obyektlər, inzibati binalar tikilir, yollar çəkilir, tarixi abidələrimiz bərpa olunur. Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksinin öz tarixi görkəminə qaytarılması tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsidir. Muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması sahəsində də ardıcıl tədbirlər görülür, yeni məscidlər tikilir. Kəngərli rayonunda da din xadimlərinə hərtərəfli qayğı göstərilir, məscidlər bərpa olunur. İslam dininin olduğu kimi təbliğ olunması, dini ayinlərin düzgün icrası və mənəvi dəyərlərimizin yaşadılması qarşımızda duran əsas vəzifədir. Bu vəzifələrin öhdəsindən layiqincə gələcək, göstərilən qayğı müqabilində daha səylə işləyəcəyik. Mirtofiq Seyidov Ali Məclisin Sədrini qarşıdan gələn Novruz bayramı münasibətilə muxtar respublika dindarları adından təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sağlamlıq imkanı məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına və xidməti vəzifəsinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxsə mənzillərin orderlərini təqdim edib, onlara firavan həyat arzulayıb. Həmçinin Ali Məclisin Sədri Kəngərli rayon dini icmasına “Naz Lifan-330” markalı minik avtomobilinin açarını təqdim edib.

Müasir şəraiti olan mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığını itirmiş Mirməhəmməd Seyidov və onun ailə üzvü Mahirə Seyidova, eləcə də Azərbaycan Vətən müharibəsi iştirakçısının ailə üzvü Zümrüd Allahverdiyeva göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.