Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ- Lifan 320” markalı minik avtomobili verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib.
Mənzillə təmin olunan Azərbaycan Vətən Müharibəsi iştirakçısı Nazim Cavadovun ailə üzvü Gözəl Cavadova deyib: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu biz gündəlik həyatımızda hiss edirik. Vətənimizin müdafiəsi zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Muxtar respublikada yaradılan şəraitin nəticəsidir ki, çox rahat yaşayırıq. Ailəmizin mənzillə təmin olunacağını eşidəndə çox sevindik. Gözəl Cavadova bayram ərəfəsində onları gözəl şəraitli mənzillə təmin etdiyinə görə Ali Məclisin Sədrinə müharibə əlilləri və şəhid ailələri adından dərin minnətdarlığını bildirib, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarını Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib.
Mənzillə təmin olunmuş Əziz İbrahimov, Şahin Abdullayev və Sənan Rəhimov, eləcə də avtomobil təqdim edilən Sadiq Rzayev də ailə üzvləri adından minnətdarlıq ediblər.
2 və 3 otaqlı tam təmirli mənzillər rayonun İbadulla və Dəmirçi kəndlərində, eləcə də Şərur şəhərində yerləşir. 4 mənzilin hər birində lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.