Noyabrın 21-də Kosacanda yeni kənd mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, kənd mərkəzində 9 dövlət təşkilatı – inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılmış və lazımi invertarlarla təchiz edilmişdir. Kənd kitabxanasında 2589 kitab vardır.
Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının 183 üzvündən 30-u gənc, 68-i isə qadındır.
Ali Məclisin Sədri 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunduğunu və ötən dövrdə partiyanın böyük inkişaf yolu keçdiyini bildirmiş, Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının üzvlərini, eləcə də onların timsalında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bütün üzvlərini və təəssübkeşlərini təbrik etmişdir.
Rabitə evində yeni poçt bölməsi fəaliyyətə başlamış, 384 yerlik yeni nəsil ATS quraşdırılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, kəndə 2 min metr fiber-optik xətt çəkilmiş, sürətli və kəsintisiz internetə çıxış imkanı yaradılmışdır. Kənddə 49 internet istifadəçisi vardır.
Binanın brinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilmişdir. Qeyd olunmuşdur ki, bu il Kosacan kəndində 13 uşaq doğulmuşdur. Hazırda 15 hamilə qadın məntəqədə qeydiyyatdadır.
Ali Məclisin Sədri əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqlarda peyvənd və hamilə qadınlarda patronaj işinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.