Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər ardıcıl şəkildə davam etdirilir. Xüsusilə kəndlərdə avtomobil yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri yaşayış məntəqələrinin turizm və kənd təsərrüfatı potensialını daha da artırır.
Noyabrın 21-də Kosacan kənd avtomobil yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun yenidən qurulması münasibətilə sakinləri təbrik edərək demişdir: Kosacan kəndi bu gün müasir yaşayış məntəqələrinin sırasına daxil oldu. Kənddə şəhər rahatlığı yaradılmış, müasir məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuşdur. Kəndin məhsuldar torpaqları, daimi suyu, zəhmetkeş insanları vardır. Kosacan kəndi öz təsərrüfat ənənələri ilə daim seçilib, muxtar respublikanın ərzaq təminatında xüsusi rolu olub. Bu gün də kənddə torpaqlar əkilir, heyvandarlıq, maldarlıq, arıçılıq və quşçuluq inkişaf etdirilir. Dövlətin yartdığı şəritdən səmərəli istifadə olunmalı, ailə təsərrüftaları genişləndirilməli, maldarlıq və heyvandarlıqda cins tərkibi yaxşılaşdırılmalı, əkinçilikdə məhsuldar toxum sortlarından istifadə olunmalı, aqrotexniki qaydalara əməl edilməli, məhsuldarlıq artırılmalıdır. Yaradılan şərait kəndin inkişafına və insanların rahat yaşayışına hesablanıb. Ona görə də tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.
Kənd ağsaqqalı Mehman Nəcəfov demişdir: Bu gün Kosacan kəndində aparılan quruculuq işləri və yaradılan şərait bütün sakinlər tərəfindən sevinclə qarşılanır. Çünki Sovetlər Birliyi 70 ildə belə şərait yarada bilməmişdi. Lakin bu gün daimi işığımız, qazımız, internetimiz, bir sözlə rahat yaşayışımız var. Dövlətin dəstəyi ilə təsərrüfatlarımız genişlənir, dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. Kosacan müasir inkişaf dövrünü yaşayır. Muxtar respublikada aparılan quruculuq işləri, abadlaşan kəndlər, insanların rahat yaşayışının təmin olnması ən böyük vətənpərvərlik nümunəsidir. Mehman Nəcəfov sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirmişdir.
Yolda görülən işlərlə tanışlıq zamanı məlumat verilmişdir ki, 5,7 kilometrlik yola asfalt örtük salınmış, 6500 metr kənddaxili yol təmir olunmuşdur. Yolun üzərində 76 su keçidi və 19 suötürücü qoyulmuş, 1524 metr beton kanal çəkilmişdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün yol-cizgi və yolgöstərici xətlər çəkilmişdir.
Muxtar respublikanın kəndlərində aparılan quruculuq işləri yeni sosial obyektlərin tikilməsi ilə məhdudlaşmır. Kəndlərdə mövcud infrastruktur da yenilənir, geniş abadlıq işləri görülür. Kosacan kəndində də 2219 metr yeraltı və 8718 metr hava rabitə xətti, 8156 metr izolyasiyalı hava elektrik xətti çəkilmiş, 2 transformator yarımstansiyası qurulmuşdur. Həmçinin kənddə 3011 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmış, 1340 metr içməli su xətti yenilənmiş, mövcud subartezian quyusu əsaslı təmir olunmuşdur.