Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Kənd təsərrüfatı inkişaf etdirilir, məhsul istehsalı artırılır. Bu işlərin həyata keçirilməsində meliorasiya və irriqasiya tədbirləri xüsusi yer tutur. Hazırda muxtar respublikanın torpaq ehtiyatından səmərəli istifadə olunur, mütərəqqi suvarma metodları tətbiq edilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.
Noyabrın 20-də Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Məlumat verilib ki, “Bərəkət toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 616 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılıb. Layihəyə uyğun olaraq, ərazidə 2850 metr magistral xətt, 8300 metr ana xətt, uzunluğu 61 min 310 metr olan paylayıcı suvarma şəbəkəsi və 6300 metr suboşaldıcı xətt çəkilib, 594 hidrant quraşdırılıb. Ana xəttin dayanıqlığını artırmaq məqsədilə borunun yeri 40 santimetr qazılaraq çınqıl qatı verilib və yarıya qədər torpaqla doldurulub. Suyun sahəyə növbə ilə verilməsini təmin etmək üçün xətlərin üzərində 11 siyirtmə qoyulub. Tikinti işləri ərazinin relyefi nəzərə alınaraq aparılıb ki, bu da suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verəcəkdir. Qapalı suvarma şəbəkəsi saniyədə əraziyə 1100 litr su ötürmək gücünə malikdir.
Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazidə meliorativ tədbirlər də görülüb, qrunt sularının kənarlaşdırılması üçün 5,6 kilometr uzunluğunda açıq drenaj xətti çəkilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Bu gün ölkə Prezidenti müxtəlif sahələrin inkişafı ilə bağlı sərəncamlar imzalayır, dövlət proqramları qəbul olunaraq həyata keçirilir. Qəbul olunmuş dövlət proqramları içərisində meliorasiya və kənd təsərrüfatı tədbirləri xüsusi yer tutur. Çünki ölkə o zaman tam müstəqil olur ki, orada ərzaq və enerji təhlükəsizliyi təmin olunsun. Bu gün ölkəmizdə ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görülür. Muxtar respublikada da ərzaq və enerji təhlükəsizliyi diqqətdə saxlanılır.
Ali Məclisin Sədri deyib: Qapalı suvarma şəbəkəsinin quraşdırıldığı ərazilər əkin dövriyyəsinə qatılmış yeni torpaqlardır. Ərazidən torpaq nümunələri götürülərək araşdırılmış, 2 min hektarı əhatə edən toxumçuluq təsərrüfatı yaradılmış, təsərrüfat lazımi texnikalarla təmin edilmiş, mütərəqqi suvarma şəbəkəsinin qurulmasına başlanılmışdır. Həyata keçirilən tədbirlər torpağa ikinci həyat verir. Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və dəmyə əkinçiliyinə üstünlük verilməsi mühüm yer tutur. Çünki hər il muxtar respublikada əhali artımı müşahidə olunur. Əhalinin ərzaqla təminatı isə kənd təsərrüfatının inkişafından asılıdır. Bu gün qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi ilə 600 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Digər bir tərəfdən isə bu torpaqlarda istehsal olunmuş məhsuldan muxtar respublikada hər bir ailə istifadə edəcəkdir. Bununla yanaşı, daxili bazar qorunacaq, vəsait ölkəmizdə qalacaq, yeni iş yerləri açılacaqdır.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada torpaqlardan səmərəli istifadə olunması daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanlarını artırır. Ona görə də muxtar respublikanın aid təşkilatları yaradılmış şəraitdən düzgün istifadə etməli, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması bundan sonra da davam etdirilməli, kənd təsərrüfatının inkişafına diqqət artırılmalıdır.
Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisinin yerli mütəxəssislər tərəfindən keyfiyyətlə aparıldığını bildirib, bu işdə əməyi olanlara təşəkkür edib və hədiyyələrlə mükafatlandırıb.
Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salıb.
Bildirilib ki, hazırda “Bərəkət toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1012 hektar torpaq sahəsində taxıl əkilib. Əkinin şırım üsulu ilə aparılması əkilməyən bu torpaqlarda şoranlaşmanın qarşısının alınmasına və məhsuldarlığa müsbət təsir göstərir.
Ali Məclisin Sədri muxtar respublikada qapalı suvarma şəbəkəsinin qurulmasının davam etdirilməsi, toxumçuluq təsərrüfatında “Araz” Elm-İstehsalat Birliyi tərəfindən yeni toxum sortlarının sınaq əkininin aparılması və ərazidə yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar verib.