Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Ulu öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvanda qaldırılması, muxtar respublikanın adının dəyişdirilməsi, ordu quruculuğuna və iqtisadi islahatlara başlanılması müstəqil dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrdə muxtar respublikada təbiətin qorunması istiqamətində də tədbirlər görülmüş, iməciliklər keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu gün dahi şəxsiyyətin ideyaları muxtar respublikada uğurla reallaşdırılır, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektardan artıq sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaqdır.
Noyabrın 17-də – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günündə muxtar respublikada iməcilik keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının ətrafında keçirilən iməclikdə iştirak etmişlər. Kollektivlər 4,5 hektar sahədə meyvə bağı salmışlar. Əraziyə 3300 ədəd tut, badam, ərik, alma, iydə və üzüm tingi əkilmiş, sumaq, həmərsin, yemişan və badamça toxumları basdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.
Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq iməciliklərin davam etdirilməsi, yeni meyvə, xüsusilə üzüm bağlarının salınması və bərpa əkinin aparılması barədə tapşırıqlar vermişdir.
Həmin gün muxtar respublikada keçirilən iməcilikdə 23 mindən artıq sakin iştirak etmiş, 14 hektarda bərpa əkini aparılmış, 25,7 hektar yeni meyvə bağı və yaşıllıq zolağı salınmış, ümumilikdə 7700 üzüm, 22 mindən artıq müxtəlif meyvə və meşə tingi əkilmişdir.