Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Dövlət Aktının qəbul olunması Günü münasibətilə təbrik edərək deyib: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında dövlət aktı qəbul olunmuşdur. Lakin o dövrün Azərbaycanında ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr və bütün bunlardan istifadə edən işğalçı ölkənin torpaqlarımıza təcavüzü hökm sürürdü. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin itirilmə təhlükəsi yaranmışdı. Belə bir dövrdə Azərbaycanın milli liderə böyük ehtiyacı var idi. O zaman xalqın və ziyalıların təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi qorudu. Ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi bərpa olundu, müstəqil Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu.
Ali Məclisin Sədri deyib: Bu gün Ümummilli Liderimizin yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə bütün sahələrin inkişafı diqqətdə saxlanılır, dövlət proqramları qəbul olunur. Dövlət proqramlarının icrasında, xidmətlərində və fəaliyyətlərində fərqlənənlərin əməyi isə qiymətləndirilir, onlar dövlətimizin ali mükafatlarına layiq görülürlər. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə öz əməkləri ilə fərqlənən insanlardır.
Ali Məclisin Sədri təltif olunanları ölkəmizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Prezident təqaüdçüsü Arif Əzizov çıxış edərək deyib ki, muxtar respublikada tarixi-mədəni irsimizə qayğı göstərilir. Bu sahədə görülən işlər sırasında tarixi abidələrin bərpası xüsusi yer tutur. Vaxtilə dağılmaq təhlükəsində olan abidələrimizə bu gün ikinci həyat verilir. Bərpaçıların əməyinin yüksək qiymətləndirilməsi isə bizi daha da ruhlandırır. Arif Əzizov əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə minnətdarlıq edib.
Təltif olunanlardan Ruhiyyə Rəsulova minnətdarlıq edərək deyib: “Tərəqqi” medalı ilə təltif olunmağım çalışdığım Naxçıvan Dövlət Televiziyasının kollektivinin əməyinə verilən yüksək qiymətdir. Səmərəli fəaliyyət göstərmək üçün, ilk növbədə, yaxşı iş şəraiti olmalıdır. Naxçıvan Dövlət Teleradiosunda ən müasir avadanlıqlar qurulub, hərtərəfli iş şəraiti yaradılıb. Müstəqilliyimizin ilk illərində ölkəmizdəki çətinlikləri yaxşı xatırlayırıq. Lakin ötən dövrdə Ulu Öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsi xalqımızı əsl müstəqilliyə, ölkəmizi isə davamlı inkişafa və tərəqqiyə qovuşdurub. Söz veririk ki, bundan sonra da ölkəmizin, eləcə də muxtar respublikamızın müasir inkişafını, zəngin tarixi-mədəni irsini və turizm potensialını layiqincə təbliğ edəcəyik.
Dövlət qulluqçusu Sahib Məmmədov deyib: Ölkə Prezidentinin Sərəncamı ilə təltif olunmağım və bugünkü təqdimat mərasimində iştirakım həyatımda əlamətdar hadisədir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki: “Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma”. Bu gün Ulu Öndərimizin ideyaları müstəqil Azərbaycana xidmətin əsas istiqamətləridir. Biz də həyat və fəaliyyətimizdə Ulu Öndərimizin ideyalarına arxalanır, onun müəyyənləşdirdiyi yolun uğurlu davamına dəstək veririk.
Təltif olunanlardan Səbuhi Şahverdiyev, Yaşar Həsənov, Şərafət Babayeva, Samirə Əliyeva, Hicran Hacıyeva və Xanım İsgəndərova da əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz veriblər.