Kəngərli rayonunun Qıvraq qəsəbəsi aparılan kompleks quruculuq işlərindən sonra müasir görkəm alıb.
İstifadəyə verilən sosial obyektlər, yaradılan istehsal müəssisələri qəsəbənin simasını tamamilə dəyişib, sakinlərin rahat yaşayışı təmin olunub, məskunlaşma artıb. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Qıvraq qəsəbəsində gənc ailələr üçün yeni yaşayış binası tikilir.
İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov yaşayış binasında görülən işlərlə tanış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən və 2 girişdən ibarət olan yaşayış binasında əsas tikinti işləri başa çatdırılıb. Hazırda binanın fasadında üzləmə işləri görülür, mənzillər təmir olunur. 48 mənzilli binada 2 lift istifadəyə veriləcək, zirzəmidə xidmət sahələri yaradılacaqdır. Mənzillərdən 36-sı ikiotaqlı, 12-si isə 3 otaqlıdır. Binada bütün kommunikasiya xətləri çəkilib.
Yaşayış binasının həyətində də abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, avtomobil dayanacağı istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri binada tikinti işlərinin bu ilin oktyabr ayına qədər başa çatdırılması barədə müvafiq tapşırıqlar verib.