Azərbaycan xalqı insanın yaranışı və təbiətin oyanışı ilə bağlı təsəvvürlərini Novruz bayramında ümumiləşdirərək zəngin dəyərlər sistemi yaradıb.
Novruz bayramı tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsidir. Buna görədir ki, ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində Novruz ənənələrinin yaşadılması qayğısına qalıb, bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirib. Ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımıza təbrikində deyildiyi kimi: “Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur… Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir”.
Naxçıvan Muxtar Respublikasında Novruz bayramı hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur.
Martın 19-da Naxçıvan şəhərindəki “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.
El ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək deyib: “Bu gün Oğuz yurduna Novruz gəlir. El-oba yeni ilə qədəm qoyur, köhnə ili yola salır. Ötən il böyük əməllərlə yadda qaldı. Bu il isə qədim Naxçıvanımız İslam Mədəniyyətinin Paytaxtı oldu. Düşərli olsun! Ulu Naxçıvan bu il İslam Mədəniyyətinin Paytaxtı kimi möhtəşəm tarix yazacaq. Uğurlu olsun! Qorqud ata deyir ki, bütün bu uğurların yaradanı var. Ömrü uzun olsun! Bu qədim diyarı İslam mədəniyyətinə, məğrur gəncliyə paytaxt edən oğullarımız var olsun! Bu əziz gündə qədim diyarımızın dünənini və bu gününü göz önünə gətirib deyirik: xalq üçün yaradanları, tarix də yaşadacaqdır! Novruz Bayramınız mübarək olsun!”
Milli geyimli oğlan və qız Ali Məclisin Sədrinə səməni təqdim ediblər.
Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun ifasında “Odlar yurdu” rəqsi təqdim olunub.
Xalq yaradıcılığımızın ən qədim nümunələrindən olan, milli musiqimizin və söz sənətimizin incəliklərini özündə birləşdirən aşıq sənəti bu gün də muxtar respublikada yaşadılır. Xalq yaradıcılığı günlərində saza, sözə də yer verilir, aşıq havaları təqdim olunur. Tədbirdə Naxçıvan Aşıqlar Birliyinin üzvləri “Ana yurdum Naxçıvan” havasını ifa ediblər.
Naxçıvan Musiqi Kollecinin “Muğam üçlüyü”nün çıxışı, Sazçalanlar ansamblının ifasında səslənən “Kəndimiz” gözəlləməsi alqışlarla qarşılanıb.
Bu gün muxtar respublikada milli rəqslərimiz, xüsusilə yallı gələcək nəsillərə öyrədilərək yaşadılır, təbliğ olunur. Tədbirdə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının üzvləri milli rəqslərimizi məharətlə ifa ediblər.
Tarixi min illərə söykənən musiqi alətlərimizdə – tulum, zurna, balaban və tütəkdə təqdim olunan milli musiqi nümunələri bayram tədbirində xoş ovqat yaradıb.
Naxçıvan şəhər sakini Sürəyya Ələkbərova muxtar respublikadakı əmin-amanlığın, sabitliyin və inkişafın Novruz bayramını xoş ovqatla qarşılamağa imkan verdiyini bildirib, Ali Məclisin Sədrinə sakinlər adından təbriklərini çatdırıb.
Novruzla bağlı yaranan folklor nümunələri xalqımızın qədim məişət həyatı, həyat tərzi və inancları haqqında dolğun məlumat verir. Naxçıvan Qızlar Liseyinin şagirdləri bayatı, tapmaca və Novruz inanclarından ibarət kompozisiya təqdim ediblər.
Sonra Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupunun və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun çıxışları olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram tədbirində çıxış edərək deyib: Novruz bayramı milli dəyərlərimizi və adət-ənənələrimizi özündə təcəssüm etdirir. Buna görədir ki, bütün tarix boyu bu bayram milli birlik rəmzi kimi qəbul olunubdur. Builki Novruz bayramı sonuncu çərşənbə ilə eyni gündə qeyd olunur.
Ali Məclisin Sədri Novruz bayramı və Od çərşənbəsi münasibəti ilə muxtar respublikanın əhalisini, hərbi hissələrinin şəxsi heyətlərini və tədbir iştirakçılarını təbrik edərək deyib: Novruz bayramı muxtar respublikada əmin-amanlıq içində, sabitlik və firavanlıq şəraitində qarşılanır. Ötən il muxtar respublika iqtisadiyyatının bütün sahələrində davamlı inkişaf təmin edilmiş, sabitlik möhkənləndirilmiş, əhalinin rifahı yaxşılaşdırılmışdır. Bu dövrdə ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 701 milyon manatdan artıq olmuş, 60 yeni istehsal və xidmət obyekti yaradılmışdır. Həmişə olduğu kimi, 2017-ci ildə də tikinti-quraşdırma işləri davam etdirilmiş, 236 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. 2017-ci ildə muxtar respublikada 967 milyon manatdan çox sənaye, 453 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Yerli istehsalın həcminin artması xarici ticarət əlaqələrinin inkişafına da öz təsirini göstərmiş, 50-dən çox ölkə ilə ticarət əlaqələri yaradılmışdır. Bu gün qeyd etmək xoşdur ki, qazanılan nailiyyətlər muxtar respublikanın iqtisadi potensialını artırmışdır. Uğurlu inkişafın nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır.
Ali Məclisin Sədri muxtar respublikanın inkişafında və qazanılan uğurlarda əməyi olanların hamısına təşəkkürünü bildirib.
Ali Məclisin Sədri deyib: Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Bu da qarşıya mühüm vəzifələr qoyur. Bu il muxtar respublikada mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişlənəcək, gənclər siyasəti ilə bağlı ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda quruculuq işləri də davam etdiriləcək, sosial-iqtisadi islahatlar diqqətdə saxlanacaqdır. Əminik ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi hər il olduğu kimi, bu il də ölkəmizi inkişafa qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir.
Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik edib, bayram tonqalını yandırıb.
Naxçıvanda qədim musiqi alətlərimizin bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Dövlət Filarmoniyasında Qədim Musiqi Alətləri Ansamblı yaradılıb. Tədbirdə ansablın ifasında xalq mahnılarımız səslənib.
Naxçıvan Dövlət Kukla Teatrının kollektivi “Bahar sovqatlı Novruz” tamaşasını səhnələşdirib, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin “Nağaraçalanlar” ansamblının ifasında maraqlı kompozisiya təqdim olunub.
Bayram şənliyində ictimai-iaşə xidməti də göstərilib, yerli müəssisələrin istehsal etdikləri məhsulların satışı təşkil edilib, muxtar respublikada hazırlanan müxtəlif növ bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunub.
Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.
“Bu şəhərdə” teatr studiyasının rəhbəri Müşfiq Abbasov, aktyorlar – Azərbaycan Respublikasının Əməkdar Artistləri Rəfael İsgəndərov və Coşqun Rəhimov Ali Məclisin Sədrinə bayram təbriklərini çatdırıblar.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə şənliklər keçirilib.