Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhüriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikanın təhsil və mədəniyyət müəssisəllərində Azərbaycan Xalq Cümhüriyyətinin tarix və fəaliyyətini əks etdirən sərgilər təşkil edilib.
Naxçıvan Tarix Muzeyində mövcud olan sərgi zənginləşdirilib.
Naxçıvan Tarix Muzeyinin direktoru Nizami Rəhimov bildirib ki, muzeyin iş planına uyğun olaraq sərgilərin keçirilməsi ön plana çəkilib. Muzeydə hazırlanan sərgidə cümhuriyyət dövrünə aid sənədlər, fotoşəkillər cümhuriyyət dövründə tədavülə buraxılan pul vahidləri, Azərbaycan Xalq Cümhüriyyətinin əsas simalarının rəsmləri, Azərbaycan Xalq Cümhüriyyətinin atributları Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları, son dövrlərdə aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn cümhuriyyət dövrünə aid kitablar yer alıb. Həmçinin tədbirlər planında dəyirmi masaların keçirilməsi, açıq dərslərin təşkil edilməsi, muzeydə ekskursiyaların aparılması nəzərdə tutulub.
Belə sərgilərin yaradılmasında əsas məqsəd müstəqil dövlətimizin sələfi olan Azərbaycan Xalq Cümhüriyyəti tarixinin təbliği və öyrədilməsidir.
Həmçinin Respublika kitabxanasında, Ədəbiyyat Muzeyində və Naxçıvan Musiqi Kollecinin kitabxanasında da sərgi yaradılıb. Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan ensiklopediyaları, “Naxçıvan tarixi” çoxcildliyi, “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabları da sərgilənən materiallar arasındadır.