Fevralın 1-də Ərəbyengicə kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yerləşən təşkilatların fəaliyyəti ilə maraqlanıb.
Bildirilib ki, kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı və 56 yerlik zal yerləşir. Kitabxana fondunda 3117 kitab vardır. Burada elektron kataloq sistemi tərtib olunub, ədəbiyyatlar dövrləşməyə uyğun yığılıb, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.
Yeni Azərbaycan Partiyası Ərəbyengicə kənd ərazi ilk təşkilatının 131 üzvü vardır. Onlardan 29-u gənc, 42-si isə qadındır. Rabitə evində 288 yerlik yeni nəsil ATS quraşdırılıb, poçt bölməsi fəaliyyətə başlayıb. Kəndə fiberoptik kabel xəttinin çəkilməsi internetə çıxış imkanlarını yaxşılaşdırıb. Hazırda kənddə 36 internet istifadəçisi vardır.
Ali Məclisin Sədri kənddə əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanıb. Ərəbyengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vüsal Kərimov məlumat verib ki, kənddə əkinçiliyin və heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Hər il sahələrdən bol taxıl, qarğıdalı və bostan-tərəvəz məhsulları yığılır. Yaradılan şərait ailə təsərrüfatlarının inkişafı üçün də geniş imkanlar açıb.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, statistik qeydiyyatların dəqiq aparılması, bütün növ ödənişlərin poçt vasitəsilə həyata keçirilməsi barədə tapşırıqlar verib.
Kənd mərkəzinin həyəti də abadlaşdırılıb, yaşıllıqlar salınıb.