Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov bildirmişdir ki, muxtar respublikamızda ötən müddət ərzində qazanılan ən mühüm nailiyyətlərdən biri ictimai təhlükəsizliyin və asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, kriminogen durumun sabitliyidir. Bu nailiyyətlərin əldə olunması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qətiyyətli və müdrik fəaliyyətinin, ulu öndərin siyasi xəttini uğurla davam etdirməsinin təzahürüdür.
Qeyd olunmuşdur ki, 7 fevral 2022-ci il tarixdə daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin Sədri ictimai təhlükəsizliyi və ictimai qaydanı təmin edən əsas orqan kimi Daxili İşlər Nazirliyinin fəaliyyətinin yenidən qurulması ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqlardan biri polis əməkdaşlarının nəzəri və peşə biliklərinin artırılması, fəaliyyətdə yeni texnologiyaların tətbiqidir. Hazırda bu istiqamətdə sistemli tədbirlər davam etdirilməkdədir.
Vurğulanmışdır ki, daxili işlər orqanlarının fəaliyyətində, o cümlədən ictimai təhlükəsizliyin təmini və qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində polis sahə inspektorlarının fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq bu sahədəki işin yeni tələblərə uyğunlaşdırılmasına diqqət daha da artırılmış, sahə inspektorlarının vəzifələri yenidən hazırlanmış, onlara içərisində zəruri qanunvericilik, sənəd nümunələri və ləvazimatlar olan xidməti çantalar təqdim edilmişdir. Nəzəri bilik və peşə hazırlıqlarının artırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən virtual təlimlər keçirilmişdir.
Rəşad İsmayılov diqqətə çatdırmışdır ki, sahə inspektorlarının fəaliyyətində yeni texnologiyaların tətbiqi də günün tələblərindən irəli gələn vacib məsələlərdəndir. Bu gün daxili işlər orqanlarına göstərilən dövlət qayğısı kimi planşetlərin polis sahə inspektorlarının xidməti istifadəsinə verilməsi onların xidmətində yeniliklər yaradacaq, eyni zamanda xidməti fəaliyyətlərini günün tələbləri səviyyəsində qurub aparmağa imkan verəcək.
Diqqətə çatdırılmışdır ki, sahə inspektorları xidməti planşetlərdən və proqram təminatından səmərəli, yalnız xidməti fəaliyyətdə zərurət yaranarsa istifadə etməli, xidmət zamanı yanında daşımalı, vaxtında texniki qulluq göstərməli və qorumalı, başqa şəxsə verməməlidir. Üzərlərinə qoyulan vəzifələri yerinə yetirmələri üçün sahə inspektorları fərdi məsuliyyətlərini, bilik və bacarıqlarını artırmalı, xidməti ərazidə baş verən hüquqpozmaların vaxtında aşkar edilib müvafiq tədbirlər görülməsini təmin etməli, cinayətkarlığa qarşı mübarizədə prinsipiallıq göstərməli, vətəndaşlarla ünsiyyətdə etik qaydalara riayət etməlidir.
Vurğulanmışdır ki, Ali Məclis Sədrinin tapşırıqlarının icrasına uyğun olaraq bundan sonra da polis sahə inspektorlarının fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməli, daxili işlər orqanlarının digər xidmət sahələri üzrə də yeni texnologiyaların imkanlarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülməlidir.
Rəşad İsmayılov yaradılan şəraitə, göstərilən dövlət qayğısına görə Ali Məclis Sədrinə minnətdarlığını bildirmişdir.
Məruzə ətrafında çıxışlar dinlənilmişdir.
Sonda planşetlərin iş mexanizmi və istifadə qaydalarına dair slayd nümayiş etdirilmiş, bildirilmişdir ki, planşetə yüklənmiş proqramda şəxs haqqında məlumatlar yerləşdirilib ki, sahə inspektorları naməlum şəxslər haqqında məlumatlar, onların şəxsiyyəti, axtarışda olub-olmaması və digər zəruri məlumatlar əldə edə biləcəklər. Bu da onların həm işini asanlaşdıracaq, həm də vaxtında operativ tədbirlər görülməsini, cinayət törədən, mülki hüquqi öhdəliklərdən yayınan şəxslərin tutulub müvafiq tədbirlər görülməsini təmin edəcək. Bütün bunlar isə bu sahədəki işin səmərəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Planşetlər əməkdaşlara təqdim olunmuşdur.