Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bütün yaşayış məntəqələri həm müasir görkəm alır, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Eyni zamanda yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Görülən bu işlər bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə də töhfə verir.
İyunun 8-də muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 13 traktor və qoşqusu təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikanın kənd və qəsəbələrində bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır, onlar öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Son 4 il ərzində Ali Məclis Sədrinin tapşırığına əsasən 75 kommunal təyinatlı texnika, 4 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal təsərrüfatı idarələrinin istifadəsinə verilmişdir. Bələdiyyələr öz işləri ilə yanaşı, qonşu bələdiyyə ərazilərinə də müqavilə əsasında xidmət göstərmə imkanına malikdirlər. Bu gün təqdim olunan texnikaların vəsaiti bələdiyyələrin öz yığımları və gəlirləri hesabına ödənilmişdir. Səbuhi Məmmədov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ölkəmizdə bələdiyyələrin fəaliyyəti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Buna uyğun olaraq muxtar respublikada da tədbirlər görülür, bələdiyyələr üçün lazımi şərait yaradılır. Bu gün muxtar respublikada 170 bələdiyyə vardır. Kənd mərkəzlərində icra nümayəndəliyi, bələdiyyə, tibb xidməti, poçt məntəqəsi, rabitə evi, sahə müvəkkili, kitabxana və digər sahələr bir mərkəzdən əhaliyə xidmət göstərir. Hər bir ərazinin idarəetmə qurumları olmalıdır. Bələdiyyələr də əhali tərəfindən seçilmiş və fəaliyyətləri təmin olunmuş orqandır. Ancaq onların fəaliyyətinin təmin olunması üçün dövlət dəstəyinə ehtiyac vardır. Ona görə də ərazidə kənd mərkəzləri qurularkən bələdiyyələr üçün də iş şəraiti yaradılır. Muxtar respublikanın bələdiyyələri qanunvericiliyə uyğun olaraq müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Bunlardan biri də kommunal xidmətlərin göstərilməsidir. Artıq bu fəaliyyət sahəsi özünü doğruldub. Ona görə də bələdiyyələr üçün lazımi şərait yaradılır, texnikalar, təmizlik qutuları alınıb verilir.
Ali Məclisin Sədri işini günün tələbləri səviyyəsində quran bələdiyyələrə təşəkkür edərək demişdir: Bələdiyyələrin istifadəsinə verilən texnikalar fəaliyyətlərini xeyli yaxşılaşdıracaq, ərazidə abadlıq və təmizlik işlərinin vaxtında aparılmasını təmin edəcəkdir. Lakin bələdiyyələrin fəaliyyəti bununla məhdudlaşmamalı, rayon və şəhər icra hakimiyyətləri bələdiyyələrlə sıx əməkdaşlıq etməli, illik proqramlar tərtib olunmalı, fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Bu gün yerlərdə müxtəlif işlər həyata keçirilir, kaptajlar, artezian quyuları qazılır, əhalinin su təminatını yaxşılaşdırmaq üçün kəhrizlər təmizlənir, içməli su şəbəkələri qurulur, abadlıq işləri aparılır, yollar, qaz, elektrik xətləri yenilənir. Bütün bunların qorunmasında, səmərəli istifadəsində bələdiyyələr də iştirak etməlidirlər.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikada hər il yaz-payız iməcilikləri keçirilir. Lakin bu günə qədər bəzi bələdiyyələr istisna olmaqla, digər bələdiyyələr tərəfindən iməciliklər təşkil olunmamış, yaşıllaşdırma işlərinə, bələdiyyə bağlarının salınmasına təşəbbüs göstərilməmişdir. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsində də nöqsanlar vardır. Bələdiyyələrlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti arasında heç bir əməkdaşlıq yoxdur. Hər il əkinəyararlı bələdiyyə torpaqları icarəyə verilməli, ərazinin iqlim və torpaq xüsusiyyətlərinə uyğun bitkilər əkilməli, yerli icra hakimiyyətləri və bələdiyyələr bu işdə məsuliyyəti artırmalıdırlar. Rayon və şəhər icra hakimiyyətləri yaradılan şəraitdən səmərəli istifadə etməli, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr əhali ilə sıx işləməli, muxtar respublikada, ölkəmizdə həyata keçirilən bütün tədbirlərdə onların fəaliyyəti təmin olunmalıdır. Bələdiyyələr sudan istifadəyə, yaşıllıqların qorunmasına nəzarət etməli, ərazidə əhalinin istifadəsində olan nə varsa, onların qorunmasına və səmərəli istifadəsinə nail olmalıdırlar. Bir sözlə, bu sahədə fəaliyyət qanunauyğun təşkil edilməli, bələdiyyələrin fəaliyyəti daha da genişləndirilməlidir.
Ali Məclisin Sədri bələdiyyələrin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirmiş, onlara işlərində uğurlar arzulamışdır.
Şahbuz rayon Keçili kənd bələdiyyəsinin sədri Əli Kərimov yaradılan şəraitə görə bələdiyyələr adından minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylə çalışacaqlarına söz vermişdir.
Sonra texnikalara baxış olmuşdur. Məlumat verilmişdir ki, yeni kommunal təyinatlı 13 traktor və qoşqusu Şərur rayonunun Çərçiboğan, Püsyan, Mahmudkənd, Babək rayonunun Nehrəm, Cəhri, Ordubad rayonunun Nüsnüs, Biləv, Culfa rayonunun Yaycı, Saltaq, Şahbuz rayonunun Keçili, Ağbulaq, Kəngərli rayonunun Xıncab və Sədərək rayonunun Dəmirçi bələdiyyələrinin istifadəsinə verilir. Yeni texnikalar qeyd olunan yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına şərait yaradacaqdır.
Ali Məclisin Sədri təmizlik işlərinin diqqətdə saxlanılması, texnikalardan səmərəli istifadə olunması, sudan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar vermişdir.