“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada şəhərdaxili və rayonlararası nümunəvi sərnişindaşıma xidməti həyata keçirilir, müasir avtobuslar və elektrobuslar alınaraq xəttə buraxılır. Bu da vətəndaşların rahatlığına, eləcə də ekoloji təhlükəsizliyə xidmət edir.
Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə 6 yeni elektrobus təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
“Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev çıxış edərək demişdir ki, muxtar respublikada müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların tikilməsi və ya yenidən qurularaq istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili marşrutunda iritutumlu, yüksək komfortlu avtobusların gətirilərək xəttə salınması sərnişindaşıma xidmətinin səviyyəsini yüksəltmişdir. İctimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan avtonəqliyyat vasitələrinin texniki cəhətdən sazlığına mütəmadi nəzarət olunur, əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsi yüksəldilir. Görülən işlərin davamı olaraq Çin Xalq Respublikasının istehsalı olan 6 “King Long” markalı elektrobus alınıb gətirilmişdir. Əli Hüseynəliyev muxtar respublikada nəqliyyat xidmətinin inkişafına göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün muxtar respublikada bütün yaşayış məntəqələrini əhatə edən nəqliyyat xidməti həyata keçirilir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində 70-ə yaxın avtobus vasitəsilə əhaliyə sərnişindaşıma xidməti göstərilir, hər gün minlərlə insan şəhərdaxili marşrutlardan istifadə edir. Ona görə də bu sahədə işlər dövrün tələblərinə uyğun qurulmalı, avtobuslar daim yenilənməli və müasirləşməlidir. Bu gün dünyada ekoloji problemlərə diqqət artırılıbdır. Dünya ekosistemində mütəxəssislərin verdiyi rəyə görə karbon qazı özünün son həddinə yaxınlaşmışdır. Ona görə də müxtəlif tədbirlər görülməlidir. Bunlardan biri də elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verilməsindən, eləcə də ərazilərin yaşıllığının qorunması və artırılmasından ibarətdir. Muxtar respublikada da bu istiqamətdə tədbirlər görülür, yaşıllıq sahələri artırılır, təbiət qorunur. Artıq elektriklə işləyən avtobusların alınmasına da başlanılmışdır. Naxçıvan şəhərinin nəqliyyat sisteminə uyğun olduğuna görə elektrobuslar şəhər marşrutlarında istifadə olunacaqdır.
Ali Məclisin Sədri demişdir: Elektrobuslar müasir sərnişindaşıma xidməti göstərməklə bərabər, ekologiyanın da çirklənməsinin qarşısını alır. Bütün bunlar nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə kredit ayrıldı və elektrobusların alınması təmin olundu. Bu həm də yeni iş yerləridir. Yeni iş yerləri isə ailələrin yaşayışının yaxşılaşması deməkdir. Ona görə də Dövlət Nəqliyyat Xidməti avtobuslara texniki xidmətin vaxtında göstərilməsini təmin etməli, Təhsil Nazirliyi sürücülük və peşə məktəblərində elektriklə işləyən avtobuslar üçün kadr təminatını diqqətdə saxlamalı, tədris proqramında dəyişiklik etməli, Nazirlər Kabineti elektriklə işləyən xidməti avtomobillərin alınmasını təmin etməlidir. Şəhərdaxili marşrutlarda bundan sonra elektriklə işləyən avtobuslara üstünlük verilməli, eyni zamanda yaxın məsafələrdə öz xidmətini həyata keçirən dövlət orqanları üçün də elektriklə işləyən avtomobillər alınmalıdır. Çünki bu nəqliyyat vasitələri həm ekoloji və rentabellik, həm də mütəxəssis yetişdirmək baxımından çox əlverişlidir.
Sonra elektrobuslara baxış olmuşdur. Bildirilmişdir ki, Naxçıvan şəhərində sərnişindaşıma xidməti 9 marşrut xəttində 67 avtobusla həyata keçirilir. Bu sahədə xidmətin daha da yaxşılaşdırılması, ekoloji cəhətdən təmiz və ekonom avtomobillərdən istifadə edilməsi məqsədilə şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün Çin Xalq Respublikasından 6 “King-Long 22+1” markalı yeni elektrobus, 5 şarj aləti və ehtiyat hissələr alınmışdır. Elektrobusların və ehtiyat hissələrinin alınması məqsədilə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kredit verilmişdir.
Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan elektrobuslara yumşaq oturacaqlar, siyirməli şüşələr, ön, yan və arxa tərəfində elektron məlumat lövhələri quraşdırılmışdır. Elektrobusların hər biri 22-si oturacaq, 36-sı ayaqüstü olmaqla, 58 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan elektrobusların batareyasının dolma müddəti 100 dəqiqə, dolu batareya ilə gedilən məsafə 160-210 kilometrdir. Elektrobuslarda sərinlədici və qızdırıcı sistem, kamera, sərnişinlərlə əlaqə üçün mikrafon, sağlamlıq imkanları məhdud şəxslərin arabasının mindirilməsi üçün körpü mövcuddur. Yeni elektrobuslarda 12 sürücü işlə təmin olunacaqdır.
Ali Məclisin Sədri elektrobusları idarə edəcək sürücülərin hazırlanması, tələbata uyğun yeni marşrut xətlərinin açılması barədə tapşırıqlar vermişdir.