Mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Şərur Rayon Mədəniyyət Şöbəsinin müdiri Abbas Musayev çıxış edərək deyib ki, bu gün muxtar respublikada mədəniyyətin hərtərəfli inkişafı təmin edilib. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şərur Rayon Mədəniyyət Sarayının inşası da mədəniyyətə göstərilən qayğının bariz nümunəsidir. Bu möhtəşəm sarayın açılışı əlamətdar bir günə – ümummilli liderimizin doğum gününə təsadüf edir. Bu gün mədəniyyət işçiləri üçün ikiqat bayramdır. Çünki milli mədəniyyətimiz ulu öndər Heydər Əliyev ideyalarından güc alır. Abbas Musayev göstərilən diqqət və qayğıya görə Şərur rayon mədəniyyət işçiləri adından minnətdarlıq edib, mədəniyyətimizin qorunması, yaşadılması və inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqlarına söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Şərur rayonunda 112 minə yaxın əhali yaşayır. Əhaliyə mədəni xidmətlərin göstərilməsi üçün Şərur Rayon Mədəniyyət Şöbəsi və onun tabeliyində 124 müxtəlif təyinatlı mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bu gün ümummilli liderimizin doğum günündə Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilir. Bu o deməkdir ki, Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti yaşayır, Heydər Əliyev yolu uğurla davam etdirilir. Ümummilli liderimizin yoluna sədaqət bu gün Azərbaycanı sabit və inkişaf etmiş ölkəyə çeviribdir. Bunun da bəhrələri göz qabağındadır. Heç bir zaman Şərur rayonunda bu qədər quruculuq və abadlıq işləri aparılmayıb, insanların yaşayış səviyyəsi bu qədər yüksəldilməyib.
Ali Məclisin Sədri deyib: Əhaliyə kitabxana vasitəsilə, musiqi, incəsənət məktəbləri, xalq teatrı, folklor, yallı qrupları və bir çox başqa sahələrdə mədəni xidmətlər göstərilir. Sarayın istifadəyə verilməsi ilə bu sahədə yeni dövr başlayır. Bu da ondan ibarətdir ki, artıq kollektivlər sərbəst şəkildə müxtəlif mədəniyyət tədbirləri həyata keçirə biləcəklər. Mədəniyyət şöbəsi rayon İcra Hakimiyyəti ilə birlikdə rayonda müxtəlif tədbirlərin hazırlanıb keçirilməsini təmin etməli, muxtar respublikanın teatr və musiqi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramları təşkil olunmalıdır. Bunun üçün lazımlı şərait və imkanlar vardır. “Şərur” Xalq Yallı Ansamblı üçün də lazımi şərait yaradılıb. Bu yallı qrupu təkcə müxtəlif konsertlər, tədbirlər zamanı çıxışlar etməməli, yaradılan şəraitdən istifadə edərək bu sənətin yaşadılmasına nail olmalıdırlar. Ümummilli liderimiz deyirdi ki, “Şərur yallısı Naxçıvanın tacıdır”. Şərur yallısı muxtar respublikamızın qədimliyini özündə yaşadan sənət nümunəsidir. Yeni Mədəniyyət Sarayı sadəcə rayonun simasının dəyişilməsi üçün yox, həm də mədəni-kütləvi tədbirlərin əhatə dairəsinin genişləndirilməsi üçün tikilib. Vaxtilə burada mədəniyyət evi olub. Lakin şəraiti tələblərə cavab vermədiyindən sökülərək yerində 275 yerlik müasir Mədəniyyət Sarayı tikilib. Mədəniyyət Sarayının qapıları daim açıq olmalı, müxtəlif tədbirlər keçirilməlidir. Şərur Rayon Xalq Teatrı da fəaliyyətini gücləndirməlidir. 1981-ci ildə xalq teatrı statusu alan bu mədəniyyət ocağı daha çox çalışmalı, aparıcı teatr statusu almalıdır.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.
Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbəri və rejissoru Nəsimi Məmmədzadə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin mədəniyyət işçiləri ilə hər bir görüşü bizim üçün bayramdır. Muxtar respublikada mədəniyyət sahəsində çalışanlar da dövlət qayğısı ilə əhatə olunub. Bu diqqət və qayğı bizi daha da ruhlandırır, yeni-yeni yaradıcılıq uğurlarına səsləyir. Bu gün muxtar respublikamızın bütün bölgələrində abadlıq quruculuq işləri gedir. Muxtar respublikamız günü-gündən çiçəklənir. Şair Asim Yadigarın dediyi kimi:
Hər gün təzə libas geyir əyninə
Ulu Heydərimin yurdu Naxçıvan
Şəfəqlər süzülür gülüşlərindən
Təpədən dırnağa nurdu Naxçıvan
Bu gün qədim diyar nura boyanmışdır. İstər bu gözəl Mədəniyyət Sarayının, istərsə də sosial binaların açılışı inkişafın bariz nümunəsidir. Bu gözəl Mədəniyyət Sarayının açılışı əlamətdar bir günə – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf edir. Bu münasibətlə mədəniyyət işçiləri adından təbriklərimizi çatdırır, əmin edirik ki, bundan sonra da tarixi-mədəni irsimizin qorunmasında səylə çalışacağıq”.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada rayon Mədəniyyət Şöbəsi, Şərur Rayon Mədəniyyət Sarayı və Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı üçün müasir iş şəraiti yaradılıb. Binanın zirzəmisində anbarlar, bufet, arxiv, qazanxana və texniki otaqlar, birinci mərtəbəsində 275 yerlik tamaşa zalı və səhnə, səhnə idarəetmə, kassa, növbətçi, qrim, qarderob və digər iş otaqları, ikinci mərtəbəsində isə Mədəniyyət Şöbəsi üçün 5 və Mədəniyyət Sarayı üçün 10 otaq yerləşir.
Sarayda “Şərur” Xalq Yallı Ansamblı, “Arpaçay” İnstrumental Ansamblı, “İncilər” Uşaq Yallı Qrupu fəaliyyət göstərir. Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayıb, ötən dövrdə 100-ə yaxın müxtəlif janrlarda tamaşalar hazırlanıb. Şərur rayonunun mədəniyyət müəssisələrində ümumilikdə 61 dərnək fəaliyyət göstərir.
Sonra tamaşa zalında “Şərur” Xalq Yallı Ansamblının çıxışı olmuş, “Köçəri” və “Tənzərə” yallıları ifa edilib.
Ali Məclisin Sədri ansamblın üzvləri ilə görüşərək deyib: Şərur yallıları yaşadılmalı, inkişaf etdirilməli və nəsildən-nəslə ötürülməlidir. Hazırda yallıların reyestri aparılır. 90-dan artıq yallı qeydə alınıb. 50-dən çox yallı isə nota köçürülüb. Ona görə də kollektiv də yallıların yaşadılması üçün çalışmalıdır. Ulu öndərimiz Heydər Əliyev Şərur yallısına böyük qiymət verib. Bu dəyəri qoruyub saxlamaq lazımdır. Əgər Gəmiqaya abidələrinin tarixi 5-7 min il götürülürsə, deməli yallıların da tarixi 5 min ildən çoxdur.
Sonra xatirə şəkli çəkdirilib.
Əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır
Son illər muxtar respublikada yenidən qurulan və ya tikilərək istifadəyə verilən yeni yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir.
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində tikiləcək yeni yaşayış binasının layihəsinə və əraziyə baxmışdır.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq yaşayış binası 40 mənzillidir. Mənzillərdən 10-u dörd, 20-si üç, 10-u ikiotaqlı olacaqdır. Dördotaqlı mənzillərin ümumi sahəsi 120, üçotaqlı mənzillərin ümumi sahəsi 95-102, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 75 kvadratmetrdir.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.