Martın 30-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polkovnik Rəşad İsmayılov çıxış edərək bildirib ki, muxtar respublikada qurulmuş müasir avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qanunvericiliklə həmin vəzifələrin yerinə yetirilməsi Daxili İşlər Nazirliyinin dövlət yol polisi xidmətinin üzərinə qoyulmuşdur. Bunun üçün nazirliyin aid qurumlarında lazımi şərait yaradılmış, müasir texnoloji avadanlıqlar quraşdırılmış və xidməti nəqliyyat vasitələri ilə tam təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il fevralın 7-də Daxili İşlər Nazirliyində keçirilən müşavirədə yol hərəkəti və onun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə toxunaraq nazirliyin aid qurumu tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhlillər aparılıb təkliflər verilməsi, bu sahədə aid orqanlarla qarşılıqlı əlaqəli işlənilməsi, hərəkəti nizamlayan texniki və elektron vasitələrin quraşdırılması, dəyişdirilməsi, ləğv edilməsi, təkmilləşdirilməsi üçün təşəbbüskarlığın artırılması, maarifləndirmə işinin gücləndirilməsi istiqamətində tapşırıqlar vermişdir. Bununla bağlı yol patrul xidməti inspektorunun vəzifə təlimatı yenidən hazırlanmış, əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə əməl edilməsi istiqamətində nəzəri-praktik məşğələlər təşkil olunaraq təcrübəli əməkdaşlar tərəfindən tədris olunmuş, videoçarx nümayiş etdirilmişdir. Bundan sonra da əməkdaşların nəzəri və peşə biliklərinin artırılması diqqətdə saxlanılmalı, sahəvi qanunvericiliklər dərindən öyrənilməli və xidmət əməkdaşları fəaliyyətlərində rəhbər tutmalı, yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına ciddi nəzarət etməli, eləcə də qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati icraatın aparılması işi düzgün yerinə yetirilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili və qarşısının alınması mühüm əhəmiyyətə malikdir. Cari ilin fevralın 7-də nazirlikdə keçirilən müşavirədə Ali Məclisin Sədri yol polisi ilə bağlı da ciddi tapşırıqlar vermişdir. Onlardan biri də muxtar respublikada nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqətin artırılmasıdır. İlk növbədə, maarifləndirmə, yol hərəkəti qaydalarının öyrədilməsi, izahı həyata keçirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, muxtar respublikada nəqliyyat infrastrukturu, demək olar ki, tamamilə yenilənib. Ona görə də yollardan səmərəli istifadə, yolların çirkləndirilməməsi, dağıdılmaması üçün maarifləndirmə əsas şərtlərdəndir. Bunun üçün kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə yanaşı, əmək kollektivlərində, kəndlərdə, məktəblərdə ictimai maarifləndirməyə ehtiyac vardır. Bundan əlavə, yol hərəkəti təhlükəsizliyi üçün real təhlükə olan hallarda, yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər etməli, yol-nəqliyyat hadisələrinin səbəbləri, daha çox baş verdiyi ərazilər araşdırılmalı, nəzərə alınmalı, bu zaman hərəkəti nizamlayan texniki vasitələrin quraşdırılması, ləğv edilməsi, dəyişdirilməsi üçün təkliflər verilməlidir. Həmçinin Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla işini elə qurmalıdır ki, yol hərəkəti insan həyatı üçün təhlükə mənbəyi olmasın. Lakin sürücülərin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ilə törədilən qəzalar yol-nəqliyyat hadisələrinin əksər hissəsini təşkil etməkdədir. Ona görə də sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanlar obyektiv olmalı, sürücü hazırlığına peşəkar yanaşılmalı, minimum tələblərə cavab verməyən şəxslər yol hərəkəti iştirakçısına çevrilməməlidir. Bununla yanaşı, yol hərəkəti iştirakçılarının nəqliyyatdan istifadə mədəniyyətinin yüksəldilməsi üçün tədbirlər görülməlidir. Yollarda dayanma, durma qaydalarına riayət olunmasına, yolun hərəkət hissəsinin daim açıq qalması üçün birtərəfli parklanma vərdişlərinin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Nəqliyyat vasitələrində üçüncü şəxslər üçün diqqəti yayındıran əşya quraşdırılması, söz və ya təsvir yazılması hallarının, ümumilikdə isə nəqliyyat vasitələrində görüntünü məhdudlaşdıran qanunsuz pərdə, plyonka və digər vasitələrin qarşısı qətiyyətlə alınmalıdır. Eyni zamanda yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib, yol polisinin fəaliyyətindən bəhs edən filmə baxış olub.