Dekabrın 23-də Vələver kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 5315 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Hazırda burada 128 internet istifadəçisi qeydiyyatdadır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 120 üzvü vardır ki, onlardan da 29-u gənc, 55-i isə qadındır. Ərazi ilk təşkilatının sədri Ramiz Heydərov partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni obyektlərin istifadəyə verilməsi ilə yadda qalır. Bu gün kəndimiz ən müasir kəndlər sırasına daxil olur. Partiyaya qəbul olmaq üçün müraciət edən gənclərin sayı artmaqdadır. Biz də partiya üzvləri olaraq rayonun bütün tədbirlərində iştirak edirik. Bundan sonra da səylə çalışacaq, yaradılanları qoruyacaq, göstərilən etimadı doğruldacağıq”.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Mircəlal Seyidov deyib: “Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, meyvəçilik, heyvandarlıq və arıçılıqdır. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulları rayon mərkəzində və Naxçıvan şəhərində təşkil olunmuş yarmarkalarda rahat satışını təşkil edir, ailə büdcələrini artırırlar. Bunun da nəticəsidir ki, kənddə ailə təsərrüfatları gündən-gündə artmaqdadır. Bu il kəndimizdə böyük quruculuq işləri aparılmışdır. Bununla kənd siması başdan-başa dəyişilmişdir”.
Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.
Ordubad Rayon Mərkəzi Xəstəxananın baş həkimi Elmar Zeynalov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, məntəqə əvvəl uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün isə səhiyyə işçiləri üçün müasir iş şəraiti yaradılıb. Bundan sonra da yaradılan şəraitə uyğun insanların sağlamlığının keşiyində duracağıq.
Ali Məclisin Sədri səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, sanitar-gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar verib.