Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarına geniş fəaliyyət imkanları açılmışdır. Bu sahənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir.
Noyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarmarkada iştirak etmişdir.
Yarmarkaya Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən ümumilikdə, 453 ailə təsərrüfatı tərəfindən 540 çeşiddə 41 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdır. Naxçıvan qovurması, xaması, qaymağı, pendiri, qatığı, müxtəlif növ mürəbbə və şirniyyatları, alana, sucuq, cəviz, badam, qurut, müxtəlif çeşidli meyvə şirələri, doşabları, sirkələri, şərablar və meyvə araqları, eləcə də turşular, kompotlar, cemlər, meyvə-tərəvəz quruları, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar yarmarka iştirakçılarına təqdim edilmişdir.
Naxçıvan torpağı yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunmuşdur. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir. Yarmarkaya bu sahə ilə məşğul olan ailə təsərrüfatları tərəfindən dərman bitkiləri və onlardan hazırlanan məhsullar da çıxarılmışdı.
Ailə təsərrüfatları məhsullarının tara satışı mağazasının stendində məlumat verilmişdir ki, yerli istehsal olan çölməklər, şirniyyat qəlibləri, meyvə quruları üçün qablar və digər çeşidlər olmaqla, 34 növdə tara nümayiş olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə məxsus stenddə Bioresurslar İnstitutu tərəfindən hazırlanmış müxtəlif çeşiddə meyvə quruları, gülab, çaytikanı yağı, propolis (bərəmum), paketlənmiş zəfəran qurusu, alma sirkəsi və bir sıra digər məhsullar yer alırdı.
Ali Məclisin Sədri məhsul çeşidlərinin artırılması və istehsal sahəsinin qurulması barədə tapşırıqlar vermişdir.
Ali Məclisin Sədri yarmarkada özünüməşğulluğa cəlb olunmuş ailə təsərrüfatlarının məhsullarına baxmışdır. Məlumat verilmişdir ki, muxtar respublikada 2017-ci ildən özünüməşğulluq proqramının icrasına başlanılmışdır. Həmin gündən 899 ailənin özünüməşğulluğu təmin edilmişdir ki, onların ailə üzvlərinin sayı 4133 nəfərdir. 860 ailə kənd təsərrüfatı, 22 ailə xidmət, 17 ailə isə istehsal sahələri üzrə proqrama cəlb edilmişdir. 283 ailənin təsərrüfatındakı aktivlər nəzarət müddəti bitdiyindən onların mülkiyyətinə keçirilmişdir. Bugünədək iri və xırdabuynuzlu heyvandarlıq təsərrüfatında 1500-dək artım qeydə alınmışdır. 30 ailə nümunəvi təsərrüfat sahibi kimi həvəsləndirici tədbirlərə cəlb olunaraq öz seçimləri əsasında əlavə aqreqatlarla təmin olunmuşlar. Yarmarkaya da özünüməşğulluğa cəlb olunmuş ailələr tərəfindən müxtəlif çeşiddə məhsullar çıxarılıb.
Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları qədim diyarda meyvəqurutma sahəsində ailə təsərrüfatlarının formalaşmasına əlverişli şərait yaradır. Yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması ənənəsi bu gün də yaşadılır. Yarmarkada ailə təsərrüfatları tərəfindən qablaşdırılmış tut, alça, əncir, ərik, gavalı, qızılgül və digər meyvə və tərəvəz quruları, eləcə də meyvə şirələri keyfiyyəti ilə seçilirdi.
Naxçıvanda heyvandarlıq və maldarlığın inkişafı ət və süd məhsulları istehsalının geniş yayılmasına səbəb olmuşdur. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ailə təsərrüfatlarında istehsal olunan bu məhsulların həcmini və keyfiyyətini artırmışdır. Yarmarkada ailə təsərrüfatlarında istehsal edilən müxtəlif ət və ət məhsulları, qaymaq, xama, qatıq, şor, qurut və digər ənənəvi süd məhsulları alıcı marağına səbəb olurdu.
Dövlət proqramlarının qəbul olunması və uğurla icra edilməsi nəticəsində muxtar respublikada meyvəçiliyin və üzümçülüyün inkişafına geniş imkanlar açmışdır. Bu sahə üzrə ixtisaslaşan ailə təsərrüfatçıları artıq meyvə ilə yanaşı, baldırğan, kişmiş, bal, portağal, tut, alma, armud, göycə, alça, şaftalı araqları, müxtəlif növ şərablar, sirkələr və doşablar da istehsal edir. Yarmarkada alıcılar bu məhsullara daha çox maraq göstərirdi.
Bu gün muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Xüsusilə ailə təsərrüfatlarında mövsümə uyğun mətbəx nümunələrimizin hazırlanaraq qablaşdırılması və satışa çıxarılması böyük maraq doğurur. Yarmarkaya müxtəlif həcmli taralarda qablaşdırılmış Naxçıvan qovurması çıxarılmışdır.
Biznes Mərkəzinin stendində duzdan və digər məhsullardan hazırlanmış əl işləri nümayiş etdirilmişdir.
“Naxçıvan məhsulları” publik hüquqi şəxsin stendində məlumat verilmişdir ki, 4 müxtəlif çeşiddə hədiyyəliklər, qablaşdırılmış bal, 7 növdə kompot, 2 növdə cem, bitki quruları, turşu, hədiyyəlik çanta və ramka bal nümayiş etdirilir.
Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Mübariz Şirəliyev demişdir ki, Günnüt yolu üzərində 60 hektar ərazidə şum işləri görülmüş, 55 hektar ərazidə taxıl əkini nəzərdə tutulmuşdur ki, onun da 40 hektarı əkilmiş, 5 hektar ərazidə yaz əkini planlaşdırılmışdır. Onun 1 hektarında xaşa, 4 hektarında bostan bitkiləri əkiləcəkdir. 1,5 hektar ərazidə tütün əkilmişdir ki, 4 tondan artıq quru tütün tədarük olunmuşdur. 15 hektar sahədən 105 ton taxıl, 2 hektar kartof sahəsindən 74 ton kartof, 15 hektar qarğıdalı sahəsindən 180 ton qarğıdalı tədarük olunmuşdur. Müasir suvarma metodlarından istifadə etməklə bol məhsul əldə edirik.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət etmiş, məhsullardan almışdır.
Şərur rayonunun Düdəngə kəndindən olan Faiq Ağayev demişdir ki, dövlət qayğısını daim öz üzərimizdə hiss edirik. Qəbul olunan sərəncamlar, dövlət proqramları bizi daha həvəslə işləməyə sövq edir. Bu il qarğıdalı sahəsindən 120-130, taxıl sahəsindən 80 sentner, hektardan 40 ton kartof, 40 ton soğan məhsulu götürmüşəm.
Şahbuz rayonunun Badamlı qəsəbəsindən olan ailə təsərrüfatçısı Vüsal Salahov yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir ki, cəviz, çörəkotu, balqabaq dənəsi yağları hazırlayırıq. Növbəti ildə məhsullarımızın çeşidlərini artırmağı, eyni zamanda itburnu və üzüm dənəsinin yağını çıxarmağı nəzərdə tutmuşuq.
Yarmarkada xalq sənətkarlarının, istedadlı qadınların və məhkumların da əl işlərinin sərgi-satışı təşkil olunmuşdur. Qadınların Naxçıvan daşlarından hazırladıqları bəzək əşyaları, qolbaqlar, qədim döyüş geyimi, eləcə də istehsal etdikləri müxtəlif məhsullar diqqəti çəkmişdir.
Sabirkənddən olan Xəlil Fərəcov demişdir ki, 2012-ci ildən saldığım meyvə bağından hasilə gətirdiyim məhsulların satışını həyata keçirirəm. Bu il 2 hektardan artıq əlavə ərik bağı da salmışam. Gələcəkdə həmin bağın məhsullarının da yarmarkalarda satışını həyata keçirməyi düşünürəm.
Babək rayonunun Nehrəm qəsəbəsindən olan Tofiq Abutalıbov demişdir: “Ailə təsərrüfatları həm də insanların məşğulluğunu təmin edir. Muxtar respublikada insanların rahatlığı üçün hər cür şərait yaradılmış, dinamik inkişaf təmin edilmişdir. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Biz də bu qayğının qarşılığında çalışırıq ki, təsərrüfatımızı genişləndirək, məhsul bolluğu yaradaq”.
Babək rayonunun Nehrəm qəsəbəsindən olan Cəmşid Həsənov demişdir ki, əvvəllər istehsal etdiyimiz məhsulları necə və harada satacağımızı düşünürdük. Lakin bu gün yaradılan şəraitin nəticəsidir ki, məhsulumuzun ölkə ilə yanaşı, xaricdə də satışını həyata keçirir, çoxlu sifarişlər qəbul edirik.
Babək rayonunun Naxışnərgiz kəndindən olan Qəzənfər Qurbanov demişdir: “Hər il məhsul çeşidlərini artırır, onların satışını təşkil edərək maddi-rifah halımızı yaxşılaşdırırıq. Eyni zamanda insanların rahat yaşayışı üçün bir sıra tədbirlər görülür. Muxtar respublikada ən ucqar kəndlərdə belə abadlıq işləri həyata keçirilir, hər cür infrastruktur yaradılır. Keçən il içməli su təminatımız da yaxşılaşdırılmışdır. Buna görə də kənd sakinləri adından minnətdarlığımı bildirirəm”.
Ailə təsərrüfatçıları Anar Əzizov, Kamran Kazımov, Cəfər Muxtarov, Familə Mirzəyevə, Hüsniyyə Bağırova, Çiçək Bayramova və Balabəy Allahverdiyev də göstərilən qayğı nəticəsində ailə təsərrüfatlarını xeyli genişləndirdiklərini bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu və göstərilən qayğı nəticəsində istehsal olunan məhsulların çeşidinin ilbəil artdığını bildirmiş, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi ilə bağlı tapşırıqlar vermişdir.