Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət etmiş, abidə önünə güllər qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunun əməkdaşları və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndələri də xatirə kompleksini ziyarət etmişlər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Qurani-Kərim”dən ayələr oxunmuşdur.
O ordu qalib və güclüdür ki, onun müzəffər Ali Baş Komandanı, vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Vətən müharibəsində qazandığımız tarixi qələbənin əsasında da məhz bu amillər dayanır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli hərbi kadr hazırlığı və ordu quruculuğu strategiyası bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadi və siyasi qüdrətini günbəgün artıran Azərbaycanda dövlət-xalq-ordu birliyi, möhkəm həmrəylik və güclü iradə vardır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Xalq ilə Azərbaycan Prezidentinin birliyi, həmrəyliyi dövlət müstəqilliyimizin bu gün də, gələcəkdə də əsasını təşkil edir”. Vətən müharibəsində qazanılan tarixi qələbə həm də xalq-lider birliyinin daha bir ifadəsi oldu.
Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə ordumuz düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına başladı. Müzəffər və rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşməni darmadağın etdi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu.
Haqq-ədalətin bərpa olunmasında Naxçıvandan olan igid oğullar da qəhrəmancasına mübarizə apardı, öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirərək ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstərdilər. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanlılar ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər… Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
Həmin gün muxtar respublikanın rayonlarında da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilmişdir.