Avqustun 21-də – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü ərəfəsində 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.
Bildirilmişdir ki, 6-cı sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 14 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2020-ci ilin sentyabr ayında başlanılmışdır. Kompleks qərargah, 8 mənzilli yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, 2 avtomobil saxlancı və yardımçı binadan ibarətdir. Ərazidə 65 kilovoltluq transformator yarımstansiyası quraşdırılmış, generator qoyulmuş, avtomobillərin yuyulması yeri, xidməti heyvanların saxlanması və əmlakları üçün anbarlar və mətbəx yaradılmış, helikopter meydançası inşa edilmişdir.
Sərhəd zastavasının xidməti ərazisinin və dislokasiya yerinin mühafizəsi üçün 13 sabit və 2 idarəolunan kamera sistemi, 1 kilometr radiusa malik 2 projektor quraşdırılmış, 4 müşahidə qülləsi təmir olunmuşdur. Bununla da 1-ci sərhəd komendantlığı tam şəkildə kamera sistemi ilə təchiz edilmişdir. Xidməti ərazidə 14 kilometr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılmış, sərhəd yolları yenidən çəkilmiş, isinmə məntəqəsi və körpü əsaslı təmir olunmuşdur.
Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün 8 yerlik istirahət otağı, sinif, silah, rabitə və iş otaqları, 28 yerlik yeməkxana, mətbəx, anbar, qurutma otağı və sığınacaq vardır. Yaşayış binasındakı hər biri iki otaqdan ibarət olan 8 mənzil mebel dəstləri, mərkəzləşmiş istilik sistemi, televizor, soyuducu və paltaryuyanla təmin olunmuşdur.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşmüş, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Xidməti ərazidə istifadəyə verilən yaşayış binasında sizlər yaşayacaqsınız. Bura sizləri bir ailə kimi birləşdirəcəkdir. Sizin yaşayışınız, uşaqların asudə vaxtlarının səmərəli keçməsi, eyni zamanda xidmətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün bunlar həm rahat yaşayışı, həm də xidmətin düzgün təşkilini təmin edəcək. Sizlər də yaradılanları gərək qoruyasınız ki, sizdən sonra buraya gələnlər də rahat yaşaya və xidmətlərini davam etdirə bilsinlər. Bu, Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə olan diqqətidir. Yaradılan şərait imkan verəcək ki, dövlət sərhədləri etibarlı qorunsun, Vətənə sədaqətlə xidmət təşkil edilsin.
Ali Məclisin Sədri sərhədçi ailələrinə yeni mənzillərində rahat yaşayış, xidmətdə olanlara isə xidmətlərində uğurlar arzulamışdır.
Sona Orucova sərhədçi ailələri adından göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim etmiş, mənzillərdə yaradılan şəraitlə tanış olmuşdur.
Sonra şəxsi heyətlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlamış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 6-cı sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini və sərhədçi ailələrini təbrik edərək demişdir: Azərbaycan müstəqillik qazandıqdan sonra milli sərhəd qoşunlarının yaradılmasına ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. Həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikadakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanırdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları isə Ermənistandakı sərhəd dəstəsinin tabeliyində idi. Ulu öndərin təşəbbüsü ilə həmin zastavalar Naxçıvandakı 41-ci sərhəd dəstəsinə birləşdirildi. Bunun ardınca 41-ci sərhəd dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verildi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırıldı və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Azərbaycan öz müstəqil yolu ilə getməyə başlayanda respublikamızda sərhəd dəstələri yaratmaq zərurəti meydana çıxdı. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu problemi həll etmək lazım idi. Biz bu problemi həll etdik. Rusiya Federasiyası ilə danışıqlar apardım və nəhayət, o vaxt burada yerləşmiş, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, sonra Rusiya Federasiyasının sərəncamında olan 41 nömrəli sərhəd dəstəsinin bütün əmlakı Naxçıvan Muxtar Respublikasının sərəncamına keçdi. Bu, bizim tariximizdə çox mühüm hadisədir”.
Ali Məclisin Sədri demişdir: Dahi şəxsiyyət Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu tədbirlərinin tərkib hissəsi kimi sərhəd qoşunlarının inkişafını, xüsusilə də Naxçıvanda nümunəvi və peşəkar sərhəd qüvvələrinin formalaşdırılmasını diqqətdə saxlamışdır. Bu yolu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə muxtar respublikada sərhəd qoşunlarının təşkilatlanması istiqamətində sistemli tədbirlər görülmüşdür. Dövlət başçısının müvafiq Sərəncamları ilə 2004-cü ildə “Naxçıvan” Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci ildə isə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmışdır.
Qeyd olunmuşdur ki, müstəqillik illərində muxtar respublikada sərhədlərimizin mühafizəsi işi təkmilləşdirilmiş, xidməti-döyüş fəaliyyəti gücləndirilmişdir. Ötən dövrdə diviziyada geniş quruculuq işləri aparılmış, mərkəzi qərargah, sərhəd komendantlıqları və zastavaları üçün müasir komplekslər tikilmiş, şəxsi heyətin peşəkarlığı artırılmış, müasir idarəetmə sistemi yaradılmışdır. Sərhədçilərin sosial-məişət şəraiti də yaxşılaşdırılmış, zabit-gizir ailələri üçün xidməti yaşayış binaları istifadəyə verilmişdir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti yaradılan şəraitdən səmərəli istifadə edərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir, 234 kilometrlik dövlət sərhədimizi etibarlı mühafizə edir.
Ali Məclisin Sədri xidməti-döyüş fəaliyyətlərini uğurla yerinə yetirdiklərinə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə təşəkkürünü bildirmişdir.
“Sərhəd ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədçi olmaq isə böyük məsuliyyət və şərəf işidir”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, ona görə də hər bir sərhədçi döyüş hazırlığını daim artırmalı, silah və texnikalardan istifadə vərdişlərinə mükəmməl yiyələnməli, sərhədlərin mühafizəsi ilə yanaşı, həm də təxribatçı qüvvələrə qarşı mübarizə aparmalı, fədakarlıq göstərməlidir. Sərhədi qorunan ölkədə inkişaf və sabitlik davamlı olur. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır”.
Ali Məclisin Sədri şəxsi heyətə bu vəzifələrin icrasında uğurlar arzulamış, zastava kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək demişdir: Dövlətimizin qayğısı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara qayğı göstərilir. Bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. 6-cı sərhəd zastavası üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Niyaməddin Tağıyev yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirmişdir.
ƏsgərAriz Əhmədov minnətdarlıq edərək demişdir:”Yaradılan şəraitin qarşılığında biz dəVətən sərhədlərini göz bəbəyimiz kimi qoruyacaq, sərhədçi adını daim uca tutacaq, göstərilən etimadı doğruldacağıq”.
Zastavada silah-sursatı doldurub-boşaltma yeri, sıra meydanı, voleybol və futbol meydançası, atəş, mühəndis hazırlığı yerləri, idman və təlim şəhərciyi salınmışdır. Şəxsi heyətin artilleriya və aviasiya zərbələrindən qorunması üçün yeraltı sığınacaq və müdafiə səngərləri düzəldilmişdir. Ərazidə istirahət guşəsi, uşaq əyləncə yerləri və nəzarət-buraxılış məntəqəsi yaradılmışdır.
Zastavanın həyəti də abadlaşdırılmış, müasir işıqlandırma sistemi və qazanxana quraşdırılmış, 4 subartezian quyusu qazılaraq nasos qoyulmuş, asfalt örtüyü verilmiş, kanalizasiya xətti çəkilmiş, 2 hektar sahədə yaşıllıq salınmış, ərazidə 1700 meyvə tingi, 635 yolka, 36 çinar, 365 dekorativ ağac və 1300 müxtəlif gül kolu əkilmişdir.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “NİVA” markalı dörd xidməti avtomobil təqdim olunmuşdur. Ali Məclisin Sədri avtomobillərə baxmışdır.
Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili barədə müvafiq tapşırıqlar vermişdir.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti