Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi Rəşad Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu muxtar respublikada uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün dövlət orqanları ilə yanaşı, daxili işlər orqanlarına da daim yüksək diqqət və qayğı ilə yanaşır, Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm tədbirlər həyata keçirir.
Vurğulanıb ki, daxili işlər orqanlarında xidmətə yeni qəbul edilən gənc əməkdaşların ilkin hazırlıq kursunu bitirdikdən sonra müstəqil xidmətə başlamaları münasibətilə keçirilən andiçmə mərasimi hər bir polis əməkdaşının həyatında ən yaddaqalan və xüsusi anlamı olan bir gündür. Gənc əməkdaşlar xidməti fəaliyyət dövrü bu anda sadiq qalmalı, polis adını daim uca tutmalı, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, peşəkarlıqlarını artırmaq üçün səylə çalışmalıdırlar.
Rəşad Seyidov daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun adından dinləyiciləri polis andını qəbul etmələri münasibətilə təbrik edib, gələcəkdə göstərəcəkləri xidmətdə onlara uğurlar arzulayıb.
Andiçmə mərasimində çıxış edən nazirliyin Veteranlar Şurasının sədri, polis polkovniki Yusif Həsənov dinləyicilərə veteran polislərin arzularını çatdırıb.
Məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev bildirib ki, Polis Məktəbinin pedaqoji heyəti olaraq qarşımızda duran əsas vəzifə dövlətçiliyə sadiq, mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və qətiyyətə malik, cəsur, prinsipial, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran polis əməkdaşları yetişdirməkdir. Bu işin məsuliyyətini daim üzərimizdə hiss edir, fəaliyyətimizdə Ali Məclis
Sədrinin tövsiyə və tapşırıqlarını rəhbər tutur, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səylə çalışırıq.
Dinləyici polis sıravisi Tofiq Kərimli kurs yoldaşları adından yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib və əmin edib ki, gələcək xidməti fəaliyyətində polis adını daim uca tutacaq, dövlətçiliyə sadiq qalacaq, ictimai asayişin və təhlükəsizliyin qorunması istiqamətində vəzifə borclarını dönmədən yerinə yetirəcəklər.
Sonra dinləyicilər polis andı qəbul ediblər