Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri tikilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir, yeni nasos stansiyaları tikilir.
Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz çayında inşa olunacaq yeni nasos stansiyasının layihəsinə və əkin dövriyyəsinə qatılacaq yeni əraziyə baxıb.
Məlumat verilib ki, nasos stansiyası 2091 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatacaq. Ərazidə 3 nasos qurulacaqdır ki, onlardan biri ehtiyat üçün nəzərdə tutulmuşdur. Nasoslar saniyədə 1500 litr suvurma gücünə malikdir. Diametri 1000 millimetr olan borularla 5600 metr xətt çəkiləcəkdir. Boru xəttindən sonra isə su beton kanallar vasitəsilə sahələrə veriləcəkdir. Həmçinin nasos stansiyası vasitəsilə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan əkin sahələrini də su ilə təmin etmək mümkün olacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması davam etdirilir. Hazırda Külüs kəndi ətrafında 400 hektar torpaq sahəsi üçün qurulan nasos stansiyasına 10 kilometr məsafədən elektrik xətti çəkilir. Bu ərazidə isə 2100 hektara yaxın sahə əkin dövriyyəsinə əlavə olunacaqdır. Bu da hər il ortalama 6 min tona yaxın məhsul istehsalı deməkdir. Muxtar respublikada torpaqların münbitliyinin artırılması ilə bağlı yeni Tədbirlər Planı təsdiq olunub. 2021-2025-ci illərdə 8 min hektara yaxın torpaq sahəsində şoranlaşma və çəmənləşməyə qarşı, eləcə də digər meliorativ tədbirlər aparılacaqdır.
Ali Məclisin Sədri muxtar respublikada əhalinin hər il artdığını, ona görə də ərzaq təminatı sahəsində, xüsusilə kənd təsərrüfatında işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb, tikinti işlərinə başlanması, ərazinin xəritəsinin hazırlanması və “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı tapşırıqlar verib.