İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibəti ilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.
Ali Məclisin Sədri kursantları salamlayıb.
Kursantlar orkestrin müşayiəti ilə dövlət himnini ifa ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, tədbir iştirakçılarını təbrik edərək deyib: Azərbaycanda ordu quruculuğunun əsası ümmummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 70-ci illərində hərbiçi kadrların hazırlanması ilə başlanan bu proses dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk milli ordu qurumunun yaradılması, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Silahlı Qüvvələrin formalaşdırılması ilə davam etdirilib. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq ulu öndərin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.
Ali Məclisin Sədri deyib: Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbiçi kadrların hazırlanması işinə mühüm töhfə verir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursant təhsil alır və bu gün 20-ci buraxılış mərasimi keçirilir. Ötən dövrdə Hərbi Liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının timsalında sağlam, vətənpərvər və əqidəli gəncliyimizi, etibarlı gələcəyimizi görür və bununla fəxr edirik!
Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər zabitlər xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır”. Məzun olan hər bir kursant gələcək təhsil və xidmət dövründə ümummilli liderimizin tövsiyələrini əsas götürməli, Vətənimizə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməlidir. Qarşınızda bir əsas vəzifə durur: o da təhsil aldığınız liseyin adına layiq peşəkar hərbi qulluqçu kimi yetişməkdir. Liseyin məzunları bundan sonra da təhsili və nizam-intizamı ilə seçilməli, hərb sənətinə dərindən yiyələnməli, mütaliə etməli, yeni texnologiyaları, müasir silahları, hərbi texnikanı mükəmməl mənimsəməli, dünyagörüşlərini daim artırmalıdırlar. Zabit adını daşımaq böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməlidir. Tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi – psixoloji hazırlığına nail olmalıdır.
Ali Məclisin Sədri deyib: Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər Silahlı Qüvvələrimizi yeni inkişaf mərhələsinə yüksəltməklə yanaşı, həm də dövlət-xalq-ordu birliyini daha da möhkəmləndirir. Hərbi qulluqçuların xidməti və yaşayışı üçün hərtərəfli şərait yaradılır, infrastruktur yenilənir, maddi-texniki təminat gücləndirilir. Zabit peşəsini seçən hər bir gənc bilməlidir ki, o, təhsil illərində olduğu kimi, gələcək xidmət dövründə də daim dövlətin himayəsində olacaqdır. Çalışın sizə göstərilən bu etimadı layiqincə doğruldub peşəkar zabit kimi formalaşasınız.
Ali Məclisin Sədri bir daha buraxılış münasibəti ilə kursantları təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulayıb.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov buraxılış mərasimində iştirakına görə Ali Məclisin Sədrinə liseyin kollektivi adından minnətdarlıq edərək demişdir: Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Hərbi Lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıbdır. Görülən işlərin nəticəsidir ki, ixtisaslı hərbiçi kadrların hazırlanması üçün bütün imkanlar var. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Cari dərs ilində kursantların fiziki və mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılmış, onlar il ərzində keçirilən beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarında iştirak edərək layiqli yerlər tutmuşlar. Məhəmməd Həsənov bundan sonra da göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcəklərinə söz vermişdir.
Heydər Əliyev adına Hərbi Liseyin məzunu Yusif Məmmədzadə çıxış edərək demişdir: “Bu gün kursantların həyatında əlamətdar gündür. Üç illik lisey həyatı bizim gələcəyin zabiti, Vətən müdafiəçisi kimi formalaşmağımızda mühüm rol oynamışdır. Göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Ali Məclisin Sədrinə minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, ulu öndərimizin adını daşıyan hərbi liseyin şərəfini daim uca tutacaq, qarşıdakı təhsil illərində də yüksək bilik və hərbi intizamımızla öndə gedəcəyik. Əmin edirik ki, “And yerimiz Vətən” bizim kimi oğulların çiynində daim yüksələcəkdir:
Vətəndaş olmasa, boş şeydir Vətən
Beş günlük, on günlük güney qarıdır.
“Vətən” məfhumunun arxasındakı
Vətənin vüqarlı oğullarıdır.
Sonra Ali Məclisin Sədri əlaçı kursantlara attestatları təqdim etmiş, zabit, müəllim və kursantları mükafatlandırmışdır.
Kursant Tapdıq Abbasov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurmuşdur.
Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirmişdir.
Sonra Ali Məclisin Sədri yeməkxanada olmuş, kursantların qidalanması ilə maraqlanmışdır.
Aşpaz Bəyim Bayramova minnətdarlıq edərək demişdir: “Liseydə kursantların qidalanması və sağlamlıqlarının qayğısına qalınır. Yaradılan şərait bizi də qürurlandırır. Çalışırıq ki, dövlətimizin göstərdiyi qayğıya öz işimizlə cavab verək. Kursantlarla fəxr edir və onlara övladımız kimi qayğı göstəririk”.
Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Liseyin müəllimləri ölkəmizin gələcəyi olan layiqli vətəndaşlar hazırlayır. Çünki ordu hər bir ölkənin gələcəyi və müstəqilliyinin qarantıdır. Liseyin məzunları ali hərbi məktəblərdə təhsil aldıqdan sonra Azərbaycan ordusunda xidmət edəcəklər. Liseydə aldıqları təhsil və tərbiyəni gələcək xidmət dövründə tətbiq edəcək, nümunə göstərəcəklər. Onların hər bir nailiyyəti həm də müəllimlərinin uğurudur. Azərbaycan ordusunda zabit kimi xidmət edən hərbi liseyin məzunlarının yalnız uğurlarının şahidi olmuşuq. Bütün bunlar da müəllim-zabit heyətinin birgə səyi və əməyinin nəticəsidir. Heydər Əliyev adına Hərbi Liseyin ötən dövründəki fəaliyyəti onu deməyə əsas verir ki, məktəbin uğurlu gələcəyi vardır.
Ali Məclisin Sədri müəllimlərə təşəkkürünü bildirmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.