Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra iqtisadi inkişafın prioritet istiqaməti kimi enerji təhlükəsizliyinin təmin olunması sahəsində kompleks tədbirlər görülmüşdür. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, günəş elektrik stansiyalarının qurulması, ən əsası isə hidroenerji potensialının düzgün dəyərləndirilməsi və yeni su elektrik stansiyalarının istifadəyə verilməsi illik enerji tələbatında bu sahənin payını artırmışdır. Vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada hazırda elektrik enerjisinin geniş ixrac imkanları vardır.
İyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunun Tivi kəndinə gəlib, burada tikiləcək yeni su elektrik stansiyasının layihəsinə baxıb.
Məlumat verilib ki, yeni tikiləcək Tivi Su Elektrik stansiyası derivasiya tiplidir. Stansiyanın gücü 15,6 meqavat olacaqdır. Gilançaydan qidalanacaq stansiya üçün tənzimləyici bənd, suqəbuledici qurğu, çökəltmə hovuzu, 30 min kubmetrlik su anbarı, derivasiya kanalı, tunel, yükləmə hovuzu və metal boru xətti tikiləcəkdir. İnşaat işləri aparılarkən mühəndis-texniki tələblər tam nəzərə alınacaq, stansiyada sutullayıcı qurğu, aparıcı kanal və balıq keçirdən qurğu quraşdırılacaqdır.
Biləv kəndindəki nasos stansiyası yenidən qurulacaq
Ordubad rayonunda ailə təsərrüfatlarının inkişafı üçün geniş imkanlar yaradılır. Xüsusilə torpaqlardan səmərəli istifadəyə imkan verən irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Yeni torpaqlar əkin dövriyyəsinə qatılır, suvarma suyuna olan tələbat ödənilir. Bu tədbirlərin davamı kimi rayonun Biləv kəndindəki nasos stansiyası yenidən qurulacaqdır.
İyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nasos stansiyasının mövcud vəziyyəti ilə maraqlanıb.
Məlumat verilib ki, yeni nasos stansiyası qurulduqdan sonra Ordubad rayonunun Biləv, Culfa rayonunun Yaycı və Dizə kəndlərinin 640 hektar torpaq sahəsi daimi suvarma suyu ilə təmin olunacaqdır.
Stansiyada hər birinin gücü 7,8 meqavat olan 2 turbin və hər birinin gücü 10 meqavoltamper olan 2 generator qoyulacaq, Biləv Su Elektrik Stansiyasından 110 kilovoltluq bir dövrəli hava elektrik verilişi xətti çəkiləcək, yarımstansiya tikiləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni su elektrik stansiyasının əhəmiyyətini vurğulayaraq deyib: Muxtar respublikanın illik elektrik enerjisi tələbatı 450 milyon kilovat-saata yaxındır ki, bunun da 230 milyon kilovat-saatdan çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunur. Bu da muxtar respublikanın illik elektrik enerjisi istehsalının 55 faizə yaxınını təşkil edir. Yeni tikiləcək Tivi Su Elektrik Stansiyasında isə illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir ki, bu da tələbatın 9-10 faizinə bərabərdir. Ona görə də bu stansiyanın tikilməsi mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri deyib: Tivi Su Elektrik Stansiyasının layihəsi bir neçə il bundan əvvəl hazırlanıb. Lakin muxtar respublikada bundan əvvəl Biləv və Arpaçay su elektrik stansiyaları tikilərək istifadəyə verilmişdir. Rentabelliyi nəzərə alınaraq bu il Tivi Su Elektrik Stansiyasının tikintisinə başlanılır. İnşaat işləri muxtar respublikanın daxili imkanları – büdcəyə qənaət və Dövlət Energetika Xidmətinə yığılan vəsait hesabına həyata keçiriləcəkdir. Stansiya istifadəyə verildikdən sonra muxtar respublikanın illik enerji tələbatının 70 faizə yaxını bərpa olunan enerji mənbələri hesabına ödəniləcəkdir. Bu da elektrik enerjisi istehsalında dəyəri aşağı salacaqdır. Nəticədə Dövlət Energetika Xidməti əldə olunan vəsaitdən elektroenergetika infrastrukturunun yenilənməsinə, yeni elektrik xətlərinin çəkilməsinə, günəş elektrik stansiyalarının və yarımstansiyaların qurulmasına sərf edəcəkdir.
Ali Məclisin Sədri stansiyanın bünövrəsinə beton qarışığı töküb, tikinti işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib, xatirə şəkli çəkdirilib.