Ümummilli liderimiz Heydər Əliyev deyib: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir”.
Ulu öndərimizin müəllifi olduğu dövlət müstəqilliyinin bəhrəsi qüdrətli Azərbaycandır. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirir. “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvan Muxtar Respublikasında hər bir yaşayış məntəqəsinin davamlı inkişafına səbəb olmuşdur.
Mayın 27-də – Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istifadəyə verilmişdir.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı fəaliyyətə başlayıb
Mayın 27-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bank sisteminin inkişafı diqqətdə saxlanılır. 12 ilə yaxındır Azərbaycanın yeganə regional bankı kimi fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublika vətəndaşlarının, kiçik və orta sahibkarların etibarlı maliyyə dəstəkçisinə çevrilmişdir. Bank nağdsız ödənişlərin inkişafı üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən elan edilmiş müsabiqələrdə Azərbaycan bankları arasında “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında birinci, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə isə üçüncü yerə layiq görülmüşdür. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatı və biznesin inkişaf etdirilməsi üçün sərfəli kredit bazarını formalaşdırmağa çalışır. Bankın 1 may 2020-ci il tarixə kredit portfelinin həcmi 103 milyon 146 min manatdır ki, bunun da 59 milyon 327 min manatını muxtar respublikada kənd təsərrüfatı və real sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlər təşkil edir. Eyni zamanda əhalinin vaxt məhdudiyyəti olmadan məsafəli bank xidmətlərindən yararlanması üçün şərait yaradılmış və internet bank xidmətlərinin göstərilməsi təmin edilmişdir. Azər Məmmədov Naxçıvan Muxtar Respublikasında maliyyə sahəsində aparılan islahatlara, eləcə də bank sektorunun inkişafına göstərilən qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, bundan sonra da fəaliyyəti verilən tapşırıqlara uyğun quracaqlarına və əhaliyə keyfiyyətli bank xidmətləri göstərəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının istifadəyə verilməsi münasibətilə kollektivi və rayon sakinlərini təbrik edərək demişdir: “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən dövrdə Kəngərli rayon filialı da daxil olmaqla bankın 6 filialı və 1 mübadilə şöbəsi, eləcə də təsisçisi və səhmdarı olduğu “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bank 40 bankomat, 50 ödəniş terminalı, 840 POS-terminaldan ibarət ödəniş infrastrukturuna malikdir. Ötən dövrdə bank mövcud imkanlardan istifadə edərək muxtar respublika bazarında uğurla fəaliyyət göstərmiş, əhali rəğbəti qazanmışdır.
Ali Məclisin Sədri bankın kollektivinə və bu işlərdə əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Hər bir bank fəaliyyət göstərdiyi yerin inkişafına və əhalinin güzəranın yaxşılaşmasına töhfə verməlidir. Bank bu məsələni daim əsas götürməli, fəaliyyətini təhlil etməli, kreditlərin aşağı faiz dərəcəsində olmasına çalışmalı, tələbatı nəzərə almalıdır. Fəaliyyətin bu cür qurulması həm bankın, həm də təsərrüfatların inkişafına imkan verəcəkdir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivi əhalinin onlara olan etibarını bundan sonra da qoruyub saxlamalı, ölkəmizin şəffaf fəaliyyət göstərən bankları sırasında öz yerini qorumalıdır. Bankın istifadəyə verilməsi hər bir yerin əsas inkişaf göstəricisidir. Verilən kreditlərin əlçatan olması, əkinçiliyin, maldarlığın və digər təsərrüfat sahələrinin inkişafına yönəldilməsi bankın fəaliyyət istiqaməti olmalıdır. Kəngərli muxtar respublikanın yeni yaranan rayonudur. Rayonda kənd təssərüfatının inkişafı əsas yer tutur. Digər bir tərəfdən məskunlaşma artır. Ona görə də Kəngərli rayonunda kənd təsərrüfatı və ipoteka kreditlərinin verilməsi diqqətdə saxlanılmalıdır.
Ali Məclisin Sədri demişdir: 28 may Respublika Günü ərəfəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının istifadəyə verilməsi müstəqilliyimizin bəhrələrindəndir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir”. Ölkəmizdə Heydər Əliyev siyasətinin davam və inkişaf etdirilməsi müstəqilliyimizi qoruyub saxlamış, bütün sahələrin, eləcə də bank sisteminin inkişafını təmin etmişdir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də müstəqillik illərində yaranmış və inkişaf yolu keçmişdir.
Ali Məclisin Sədri 28 May Respublika Günü münasibətilə tədbir iştirakçılarını və onların timsalınada bütün muxtar respublika sakinlərini təbrik etmişdir.
Baxış zamanı bildirilmişdir ki, 2 mərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.
Sonra bankın dövriyyədə olan kartları barədə məlumat verilmişdir. Bildirilmişdir ki, hazırda bankda 12 növ kartla müştərilərə xidmət göstərilir. “Debit Master” kartı təmassız ödəniş sisteminə malikdir. Bu kartla digər banklara məxsus bankomatlardan istifadə etdikdə əlavə xidmət haqqı tutulmur. Həmçinin alış-veriş zamanı və ictimai nəqliyyatlarda pin kod tələb olunmadan təmassız ödəniş etmək mümkündür. Lokal kart isə arıçılar üçün nəzərdə tutulmuşdur. Yəni arıçılıqla məşğul olanlar hər arı ailəsi üçün verilən dövlət dəstəyini bu kart vasitəsilə ala biləcəklər.
Bina istiliklə təchiz olunmuş, həyəti abadlaşdırılmış, işıqlandırma və suvarma sistemləri çəkilmişdir.