Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “…Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var”.
Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən ən mühüm amillərdən biri də müdafiə təhlükəsizliyinin təmin olunmasıdır. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması istənilən tapşırığın uğurla yerinə yetirilməsinə imkan verir. Sədərək rayonunda yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi bunu bir daha təsdiq edir. Sabitlik və təhlükəsizlik isə insanların rahat yaşayışını təmin edir, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində də torpaqlar əkilir, təsərrüfatlar inkişaf etdirilir, məskunlaşma artır. Artıq Sədərək rayonunda işğaldan azad edilən torpaqlar minalardan təmizlənərək əkin dövriyyəsinə qatılıb.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilən ərazilərdə olub, görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, ərazidə müdafiənin dayanıqlığının təmin edilməsi üçün mühəndis maneələri sistemi yaradılıb və minalardan təmizlənib, hündürlüyü 5 metr, uzunluğu isə 7 kilometrdən artıq olan təhlükəsizlik bəndi çəkilib, ön mövqedə şəxsi heyətin xidməti şəraiti daha da yaxşılaşdırılıb. 73 hektar torpaq sahəsində meliorativ tədbirlər görülərək əkinə hazır vəziyyətə gətirilib, 1650 metr məsafədə yerləşən “Şirarxı” kanalı üzərində qurulub yeni nasos stansiyasından əraziyə su verilib, eləcə də mövcud 3 subartezian quyusu bərpa olunaraq 2500 metr boru xətti çəkilib. Həmçinin əraziyə yeni elektrik verilişi xətti çəkilərək subartezian nasosları və hərbi hissə üçün 2 transformator yarımstansiyası quraşdırılıb. Bu ilin yazından ərazidə əkin işlərinə başlanılıb, 38 hektar sahədə dən üçün qarğıdalı əkilib. Hazırda əkin davam etdirilir.
Ali Məclisin Sədri bu işlərdə əməyi olanlara təşəkkür edərək deyib ki, həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildən etibarən bu ərazilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Ötən dövrdə ərazinin minalardan təmizlənməsinə başlanılmış, meliorativ tədbirlər görülüb, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilib. Hazırda ordumuz tərəfindən ərazilər tam nəzarət altında saxlanılır ki, bu da əkin işlərinin rahat şəkildə həyata keçirilməsinə imkan verir. Bundan sonra nəzarət altındakı digər ərazilərdə də işlər davam etdirilməli, minalardan təmizlənməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, Sədərək rayonunun əkinəyararlı torpaqlarının sahəsi genişləndirilməlidir.