Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan quruculuq işləri səhiyyə müəssisələrini də əhatə edib. Mərkəzi və sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulub, yeni tibbi avadanlıqlarla təchiz ediliblər. Səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Bu ilin iyul ayından etibarən Şahbuz rayonunda icbari tibbi sığortaya keçidlə bağlı işlərə başlanılıb. Rayonda əhaliyə rayon mərkəzi xəstəxanası, 13 həkim ambulatoriyası və 9 feldşer-mama məntəqəsi vasitəsilə xidmət göstərilir. İcbari tibbi sığortaya keçid rayon əhalisinin sağlamlıq göstəricilərinin yüksəlməsində mühüm rol oynayacaqdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılmasına töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına əsasən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi təkamül yolu ilə aparılıb, tələb olunan kadr, avadanlıq, təlim, resurs və infrastruktur təminatı uğurla həyata keçirilib. Artıq muxtar respublikanın Sədərək, Şərur və Kəngərli rayonlarında bu iş başa çatdırılıb. 2019-cu ilin ötən 9 ayında həmin rayonlarda yaşayan əhali tərəfindən, ümumilikdə, tibb müəssisələrinə 14 min 346 müraciət edilib. Müraciət edənlərə 35 min 605 adda tibbi xidmət göstərilib. İcbari Tibbi Sığortanın baza zərfinə daxil olan rayon mərkəzi xəstəxanaları tərəfindən həyata keçirilməsi mümkün olmayan tibbi xidmətlər üçün icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalara Sədərək, Şərur, Kəngərli rayonlarından, ümumilikdə, 433 göndəriş olub. Samiq Sadıxov Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədi ilə görülən işləri diqqətə çatdırıb.
Tibb bacısı Tərlan Kazımova minnətdarlıq edərək deyib ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğı göz önündədir. Bu gün Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi rayon əhalisinə nümunəvi tibbi xidmət göstərməyə imkan verəcəkdir. Tərlan Kazımova yaradılan şəraitdən istifadə edərək əhaliyə hərtərəfli səhiyyə xidməti göstərəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasının ən qiymətli sərvəti onun insanlarıdır”, – fikrini xatırladaraq deyib: İnsanların sağlamlığının qorunması ölkədə səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlarla təmin olunmuş səhiyyə müəssisələri istifadəyə verilir, kadr hazırlığı diqqətdə saxlanılır, həkimlər ölkəmizdə və xaricdə təkmilləşdirmə kurslarında iştirak edirlər. Görülən işlərin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətinin səviyyəsi yüksəlmişdir.
Ali Məclis Sədri deyib: Əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsinin müasir yolu icbari tibbi sığortanın tətbiqidir. Lakin lazımi səhiyyə infrastrukturu yaratmadan bu işi həyata keçirmək olmaz. Ona görə də muxtar respublikada bütün səhiyyə müəssisələri, rayon mərkəzi xəstəxanaları, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer mama məntəqələri yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda muxtar respublikada həkim hazırlığı işi də uğurla həyata keçirilir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci muxtar respublikanın səhiyyə müəssisələrinin həkim və orta tibb işçilərinə olan tələbatını ödəyir. Müasir səhiyyə müəssisələrinin qurulması və həkim hazırlığı işin bir tərəfidirsə, digər əsas məsələ isə yaradılan şəraitdən səmərəli istifadə etmək və səhiyyə xidmətini günün tələbləri səviyyəsində qurmaqdır. Nəzərə almaq lazımdır ki, tibbi avadanlıqlardan düzgün istifadə diaqnoz və müayinənin əsasını təşkil edir. Ona görə də həkim və tibb işçiləri alınan avadanlıqları öyrənməli, onları düzgün tətbiq etməli, əhaliyə nümunəvi səhiyyə xidməti göstərilməlidir.
Ali Məclisin Sədri deyib: Bu gün Şahbuz rayonunda əhaliyə bütün səhiyyə xidmətlərini göstərmək mümkündür. Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın baza zərfinə daxil olan 1500-dən artıq tibbi xidmətin 513-ü Şahbuz rayonundakı səhiyyə müəssisələri tərəfindən həyata keçiriləcəkdir. Yaradılan müasir səhiyyə infrastrukturu, həkim hazırlığı və görülən işlər gələcəkdə rayonda göstərilən tibbi xidmətlərin sayının artmasına və əhalinin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir.
“Ölkənin inkişafı onun sağlam insanlarından asılıdır”, – deyən Ali Məclisin Sədri bildirib ki, insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı da mühüm işlər görülmüş, dövlət vəsaiti hesabına rayon mərkəzi xəstəxanasına 52 adda tibbi avadanlıq və ləvazimatlar alınıb verilmişdir. İcbari tibbi sığortanın tətbiqi həm də həkimlərin formalaşmasına mühüm təsir göstərəcək, müraciətlərin sayı artacaqdır. Ona görə də xəstəxanada həkim-xəstə münasibətləri düzgün qurulmalı, dəqiq diaqnozlar qoyulmalı və müayinələr aparılmalıdır. Kollektiv yaradılanları qorumalı, tibbi avadanlıqlardan səmərəli istifadə olunmalı və rayonda icbari tibbi sığortanın tətbiqi uğurla həyata keçirilməlidir.
“İcbari tibbi sığortanın tətbiqi ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərinin əməkhaqları 50 faiz artırılacaqdır. Yeni tibbi avadanlıqların alınması və əməkhaqların artırılması kollektiv qarşısında bir vəzifə qoyur: o da sakinlərə keyfiyyətli səhiyyə xidməti göstərməkdən ibarətdir”, – deyən Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, icbari tibbi sığortanın tətbiqi məqsədi ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılıb, Xəstəxananın təcili tibbi yardım, laboratoriya və doğum şöbəsi yenidən təşkil edilib, ilkin səhiyyə xidməti müasir tələblərə uyğunlaşdırılaraq qəbul həkiminin fəaliyyəti təmin olunub. Poliklinika şöbəsində, burun-qulaq-boğaz, Oftalmoloji və Stomatoloji kabinələrdə, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində, Laboratoriyada, Ginekoloji və doğuş bölməsində 52 adda yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılıb, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilib.
Xəstəxanada sürətli internet şəbəkəsi yaradılıb, 43 kompüter alınıb, mərkəzi server vasitəsilə “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə təmin olunub. Hazırda xəstələrin qeydiyyatı “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə həyata keçirilir. Agentliyin Şahbuz Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi və elektron məlumat bazası da yaradılıb.