iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyatı üzrə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə bağlı bütün işlər başa çatdırılmışdır. Ona görə də bu il avqustun 1-dən etibarən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmalı, həkim və tibb işçilərinin əməkhaqları artırılmalıdır. Əhali arasında maarifləndirmə işləri aparılmalı, sakinlərə icbari tibbi sığortanın əhəmiyyəti barədə məlumat verilməlidir. Muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunacağı növbəti yaşayış məntəqəsi Şahbuz rayonudur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şahbuz rayonunda məlumatlar toplanılmalı, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərə başlanılmalı və ilin sonuna qədər başa çatdırılmalıdır.
“Müalicənin əsasını düzgün müayinə təşkil edir”, – deyən Ali Məclisin Sədri Kəngərli rayonunda da müayinə və müalicələrin düzgün aparılacağına əminliyini bildirib, həkimlərin muxtar respublikanın səhiyyə müəssisələrinə kurslara göndərilməsi, eyni zamanda, rayon mərkəzi xəstəxanasına həkimlərin ezam olunması barədə müvafiq tapşırıqlar verib.