Kollegiyada ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması və muxtar respublikanın avtomobil yollarında nəqliyyat qəzalarının baş verməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri general leytenant Fazil Ələkbərov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilən siyasi strategiya muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik, daxili işlər orqanlarının fəaliyyətinə əlverişli şərait yaratmış, eyni zamanda üzərimizə daha ciddi məsuliyyət qoymuşdur. Muxtar respublika rəhbəri tərəfindən Daxili İşlər Nazirliyinin qarşısına qoyulan tələb və tövsiyyələr əldə rəhbər tutularaq 2019-cu ilin ötən dövrü ərzində cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilmiş, əməliyyat şəraiti tam nəzarətdə saxlanılmışdır.
Nazirliyin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Ələşrəf İbrahimov bildirmişdir ki, Daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılmasıdır. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə maarifləndirmə tədbirləri keçirməsidir.
Qeyd olunmuşdur ki, ailə münaqişəsi zəminində baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması, profilaktikasının təmin edilməsi məqsədi ilə 22 iyun 2010-cu il tarixdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun əsas məqsədi ailə münasibətlərinin qorunması ilə bərabər həm də, zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etməkdir.
Muxtar respublikada ailə-məişət zəminində törədilən cinayətlərin, xüsüsən qəsdən adam öldürmə və ona cəhdlərin profilaktikası məqsədilə konfliktlərin mövcud olduğu ailələrin vaxtında müəyyən edilib uçota götürülməsi hər zaman diqqət mərkəzində saxlanılmış, münaqişəli ailələrdəki hüquqazidd əməllərin qarşısının vaxtında alınması məqsədilə polis sahə inspektorlarının rolunun artırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Keçirilən profilaktiki tədbirlər zamanı həmin ailələrin yaxın qohumlarının, münaqişəyə müsbət təsiretmə gücünə malik digər şəxslərin cəlb olunması işi təşkil olunmuşdur. Nəticədə 2019-cu ilin müvafiq dövrü ərzində Naxçıvan Muxtar Respublikasında ailə məişət zəminində hər hansı hüquqpozma və cinayət hadisəsi qeydə alınmamışdır.
Dövlət Yol Polisi İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən polis polkovniki Rəşad Seyidov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi yaradılmış şəraitdən bəhrələnərək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol verilən qayda pozuntularına qarşı mübarizə sahəsində 2019-cu ilin ötən dövrü ərzində bir sıra tədbirlər həyata keçirmiş, bəzi müsbət nəticələr əldə olunmuşdur. Şəxsi heyətin səmərəli fəaliyyətinin təşkil olunması və əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üzrə işlər davam etdirilmiş, xidməti fəaliyyət zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi nəzarətdə saxlanılmışdır. Bundan əlavə Naxçıvan Dövlət Avtomobil Yolları Agentliyi ilə birgə fəaliyyət nəticəsində avtomobil yollarına cizgi-boya xətləri çəkilmiş, işıqforlara texniki qulluq göstərilmişdir. Eyni zamanda yol hərəkəti iştirakçıları arasında hüquqi maarifləndirmə tədbirləri davam etdirilərək 9 dəfə televiziya, 4 dəfə radio, 3 dəfə dövrü mətbuat üçün materiallar hazırlanaraq icra olunmuşdur. Əməkdaşlar, ümumilikdə, 113 dəfə əhali ilə görüşlər keçirərək yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində maarifləndirici söhbətlər aparmışlar. Bununla yanaşı orta məktəblərdə “Yol hərəkəti qaydaları və Mən” adlı tele-viktorina keçirilmiş və qaliblər müəyyənləşdirilmişdir. Cari ilin may ayında məktəblərarası qalib komandalar arasında final yarışının keçirilməsi nəzərdə tutulmuşdur.
Məruzələr ətrafında Naxçıvan Şəhər Polis İdarəsinin rəisi polis polkovnik-leytenantı Mirzə Cəlilov, Babək Rayon Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı Teymur Quliyev, Culfa Rayon Polis Şöbəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən polis polkovnik-leytenantı Siyam Hacıyev və Şərur Rayon Polis Şöbəsinin rəisi polis mayoru Nəriman İbrahimov çıxışlar etmişlər.
Sonra general-leytenant Fazil Ələkbərov çıxış edərək vurğulamışdır ki, həyata keçirilən tədbirlərin yüksək səviyyədə təmin olunmasına baxmayaraq cinayətkarlığın dinamikasına neqativ təsir göstərən ən böyük amillərdən biri, potensial cinayət mənbəyi olan münaqişəli ailələr daxilində törədilə biləcək hadisələrin qarşısının alınması istiqamətində məlumatların əvvəlcədən əldə edilməsi hələ də lazımi səviyyədə təşkil olunmamışdır. Nəticədə bir çox hallarda hadisə törəndikdən sonra həmin ailələrdə uzun müddətdən bəri münaqişələrin mövcud olduğu ortaya çıxır ki, bu hallar qətiyyən qəbuledilməzdir.
Müvafiq dövr ərzində əldə olunan nailiyyətlərə və həyata keçirilmiş tədbirlərin qənaətbəxş hesab olunsa da, polis sahə inspektorları bu kimi hadisələrə qarşı profilaktikanın müasir metod və üsullarından geniş istifadə etməli, baş verə biləcək hadisələrin qarşısının vaxtında alınması istiqamətində münaqişəli ailələrin uçota alınması vəziyyəti mütəmadi təhlil edilməli, bu ailələrlə tez-tez görüşülməli, münaqişənin səbəblərinin aradan qaldırılması istiqamətində onlarla profilaktiki söhbətlər aparılmalıdır. Həmçinin gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınmasında, qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsində və münaqişəli ailələr arasında aparılan maarifləndirmə işlərində polis sahə inspektorları ailələrin yaxın qohumları, digər nüfuzlu şəxslərin birgə fəaliyyətini təşkil etməli, geniş maarifləndirmə tədbirləri aparmalıdırlar. Qeyd olunmuşdur ki, görülən tədbirlər nəticəsində müvafiq dövr ərzində ölümlə nəticələnən heç bir yol nəqliyyat hadisəsinin qeydə alınmaması müsbət göstəricidir. Bu yol hərəkəti təhlükəsizliyi sahəsində profilaktik tədbirlərə daha geniş yer verilməsinin nəticəsidir. Belə ki, son vaxtlar təbliğat məqsədilə səsli mətnlər hazırlanaraq elektron kartlara köçürülmüş, ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılaraq gündəlik marşrutlarda həmin səsyazıların anons etmələri tapşırılmışdır. Bundan əlavə piyadaların maarifləndirilməsi məqsədilə bukletlər hazırlanaraq əhali arasında yayılması işi həyata keçirilmiş, mütəmadi olaraq kütləvi informasiya vasitələrində hüquqi-maarifləndirmə tədbirləri aparılmışdır.
Həmçinin nazir qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün konstruksiyasında dəyişiklik edilmiş nəqliyyat vasitələrinin yol hərəkətində iştirakına məhdudiyyət qoyulmalı, bu sahədə inzibati xətaya yol vermiş şəxslər barəsində qanunauyğun tədbirlər görülməlidir. Piyadaların vurulması ilə nəticələnən yol qəzalarının səbəb və şəraiti təhlil edilərək düzgün nəticə çıxarılmalı, piyadaların yol hərəkəti intizamına cəlb edilməsi üçün polisin qüvvə və vasitələrindən səmərəli istifadə olunmalıdır. Dayanma-durma qaydalarına əməl etməyən nəqliyyat vasitəsi sürücülərinin inzibati məsuliyyətə cəlb olunması sahəsində “Təhlükəsiz şəhər” videomüşahidə kameralarının imkanlarından istifadə olunmalıdır. Xidməti fəaliyyətin günün tələbləri səviyyəsində qurulması və təbliğat işləri davam etdirilməli, yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradan qayda pozuntularına qarşı barışmaz mübarizə aparılmalı, qəza şəraitli yolların mütəmadi müayinəsi həyata keçirilməli, korlanmış yol nişanlarının yenisi ilə əvəz olunması üçün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qarşısında vəsatət qaldırılmalıdır. Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə və yüksək sürətlə idarə edən sürücülərə qarşı mübarizə tədbirləri qətiyyətlə həyata keçirilməlidir.
Sonda qeyd olunan məsələlərlə bağlı, kollegiyanın qərar layihəsi qəbul olunub. Kollegiyaya Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov yekun vurub.