Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən, ölkəmizin hər yerində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü qeyd olunur.
Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad edib, soyqırımı abidəsinin önünə gül qoyublar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin aparıcıları qeyd ediblər ki, erməni millətçilərinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımın iyirmi yeddinci ildönümü tamam olur. “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 5 fevral tarixli Sərəncamında qeyd olunur ki, “Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir”.
Xocalı soyqırımı 200 il ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri, keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatacı alayının zirehli texnikası və hərbçiləri 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın edib, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetiriblər. Həmin gün qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilib, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə aman verilməyib. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. Bir gündə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla, 613 Xocalı sakini işgəncə ilə öldürülüb. Xocalı soyqırımında 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər əlil olub. 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb. Soyqırımı törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızın mübarizə əzmini qırmaq idi. Lakin düşmən öz məkrli niyyətinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri düşmən qarşısında əyilmədi, onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərdilər.
Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev verib, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanat verərək Xocalı soyqırımını törədənləri ittiham edib. Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı barədə deyib: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, erməni millətçiliyinin beynəlxalq miqyasda ifşası sahəsində məqsədyönlü və sistemli tədbirlər görülür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə birgə səmərəli fəaliyyət göstərirlər. Soyqırımının tanıdılması sahəsində aparılan fəaliyyət nəticəsində dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Xocalı qurbanlarının əziz xatirəsi anılır, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sənədli materiallar nümayiş etdirilir. Xocalı həqiqətlərinin tanıdılması istiqamətində aparılan işin nəticəsidir ki, bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir. Bu soyqırımı beynəlxalq ictimaiyyət hiddətlə qarşılayır, dünyanın hər yerində Xocalı soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini başa düşərək qətliamı kəskin şəkildə pisləyirlər. 2010-cu ildə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı parlamentinin qəbul etdikləri qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Dünyanın 13 ölkəsi, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. Xocalı soyqırımının tanınması haqqın, ədalətin təntənəsidir.
Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutmamalıdır ki, fevralın 26-sı təkcə Azərbaycan xalqının faciə tarixi deyil, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçiririk.
2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında xalq-ordu birliyinin sarsılmaz vəhdəti düşməndə qorxu yaradıb. Xalqımız qəti əmindir ki, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti artan Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcəkdir. Düşmən bilməlidir ki, Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qisasını alacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır.
Fevralın 26-da muxtar respublikanın rayonlarında da Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.