Yanvarın 31-də Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua açılışı bildirən lenti kəsiblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin siması tamamilə dəyişilib. Həyata keçirilən tədbirlər sırasında uşaq və gənclərin sağlam böyüməsi, onların təhsili və tərbiyəsi xüsusi yer tutur. Yeni məktəb binalarının, idman obyektlərinin, səhiyyə müəssisələrinin və müasir uşaq bağçalarının istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün istifadəyə verilən 2 nömrəli uşaq bağçası da gələcəyimiz olan uşaqlara göstərilən qayğının daha bir ifadəsidir. Mirsənani Seyidov deyib: Yeni uşaq bağçasının körpələr qrupunun mebel və avadanlıqlarla təmin olunmasında Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi də öz dəstəyini göstərib. Bu dəstəyə görə cənab səfirə minnətdarlığımızı bildiririk. Ali Məclis Sədrinin “Uşaqlara qayğı göstərmək, onları himayə etmək gələcəyimizə hesablanmış tədbirlərdir. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi, məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”,- fikirlərini diqqətə çatdıran Mirsənani Seyidov uşaqlarımızın sağlam böyüməsinə göstərdiyi yüksək qayğıya və yeni uşaq bağçasının istifadəyə verilməsinə görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua çıxış edərək deyib: Yeni uşaq bağçasının qurulmasında Çinin Azərbaycandakı səfirliyi də iştirak edib. Naxçıvanda olmaqdan və uşaq bağçasının açılışında iştirak etməkdən böyük məmnunluq duyuruq. Uşaqlar ölkənin gələcəyidir. Bağça uşaqların təhsilində, onların gələcəyə hazırlanmasında böyük rol oynayır. Müasir bağçada təhsil alan uşaqlar gələcəkdə layiqli vətəndaşlara çevriləcəklər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olan Naxçıvan iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rola malikdir. Çin dövləti Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafında maraqlıdır və bu sahədə fəaliyyət davam etdiriləcəkdir. Göstərilən xoş münasibətə görə təşəkkür edən səfir Vey Cinhua bağçanın kollektivini təbrik edib, uşaqlara parlaq gələcək arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni uşaq bağçasının istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik edərək deyib: Təhsil haqqında Azərbaycan Respublikasının qanununa əsasən uşaq bağçaları məktəbəqədər təhsil müəssisəsi kimi uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılmasını və estetik tərbiyəsini təmin edir. Ona görə də uşaq bağçasında yaradılan şərait uşaqların gələcəkdə məktəblərdə lazımi səviyyədə təhsil almaları üçün ilkin mərhələ hesab olunur.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazırlamalıyıq”, fikrini xatırladaraq deyib: Ümummilli Liderimizin tövsiyələrinə uyğun olaraq uşaq bağçasında hərtərəfli şərait yaradılmışdır. Həmçinin görülən bu işlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.
Ali Məclisin Sədri bağçanın qurulmasındakı əməkdaşlığa görə Çin dövlətinə, Çinin Azərbaycandakı səfirliyinə və səfir Vey Cinhuaya təşəkkürünü bildirərək deyib: Bu əməkdaşlığın nəticəsi kimi Çin dövləti tərəfindən bağçaya avadanlıqların hədiyyə olunması uşaqların həyatında iz buraxacaqdır. Uşaq bağçasında uşaqların tərbiyəsi, ilkin təhsili, qidalanmaları və istirahətləri üçün lazımi şərait yaradılıb. Bağçanın istifadəyə verilməsi ilə 200 ailəyə köməklik göstərilib. Həmin ailələr övladlarını bu bağçaya etibar edəcəklər. Eyni zamanda uşaq bağçasında 50-yə yaxın yeni iş yeri yaradılıb. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, uşaqların qayğısına qalınmalı, tərbiyəsi ilə ciddi məşğul olunmalı, onlar sağlam böyüdülməli və gələcəyə hazırlanmalıdırlar.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə və bağçanın muxtar respublikanın nümunəvi uşaq bağçalarının sırasına daxil olacağına əminliyini bildirib.
Valideyn Nuray Əsgərova çıxış edərək deyib: Bu gün muxtar respublikada digər sahələrlə yanaşı, uşaqların sağlam böyüməsi qayğısına da qalınır. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yeni uşaq bağçasının istifadəyə verilməsi valideyn kimi məni çox sevindirir. Çünki yeni uşaq bağçası, burada yaradılan şərait övladlarımızın sağlam böyüməsinə xidmət edir. Yaratdıqca ucalan, ucaldıqca daha gözəl yaradan Ali Məclis Sədrinin rəhbərliyi ilə yaradılan bu gözəl şəraitdə yaşamaqdan qürur duyuruq. Nuray Əsgərova hərtərəfli şəraiti olan uşaq bağçasının istifadəyə verilməsi münasibətilə valideynlər adından minnətdarlıq edib.
Sonra bağçaya baxış olub. Qeyd olunub ki, yeni yaradılan 200 yerlik bağça 4 mərtəbədən ibarətdir. Binada müdir, valideynlər və tibb otaqları, 2 oyun zalı, metodiki kabinə, dərzi, camaşırxana, mətbəx, bufet, ərzaq anbarı, tədbirlər zalı, tərbiyəçi metodist və digər otaqlar yerləşir. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Bağçada hər birində yemək və yataq otağı, mətbəx və oyun zalı olan 3 körpələr qrupu, 2 orta qrup, 3 böyüklər qrupu və 2 məktəbəhazırlıq qrupu vardır. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi körpələr qrupunu mebel və avadanlıqlarla təmin edib.
Bildirilib ki, bağçada uşaqların sağlam qidalanmasına və sanitar-gigiyenik normalara xüsusi diqqət yetirilir. Yerli və keyfiyyətli ərzaq məhsullarından istifadə olunur.
Valideyn Aybəniz İbrahimova minnətdarlıq edərək deyib ki, yeni uşaq bağçasının istifadəyə verilməsi bütün valideynlər tərəfindən böyük məmnunluqla qarşılandı. Hər cür şəraiti olan bu uşaq bağçası övladlarımızın sağlam böyüməsi ilə yanaşı, həm də işləyən valideynlərin rahatlığına xidmət edir.
Tədbirlər zalında məktəbəhazırlıq qrupunun uşaqları ulu öndər Heydər Əliyevə, Azərbaycana və Naxçıvana həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua uşaqlarla xatirə şəkli çəkdiriblər.
Ali Məclisin Sədri uşaqların qidalanmasına və sağlamlığına xüsusi diqqət yetirilməsi, təlim-tərbiyə prosesinin düzgün təşkili, qayğıya ehtiyacı olan, məhdud fiziki imkanlı və hər iki valideyni işləyən uşaqların bağçaya qəbuluna üstünlük verilməsi, eləcə də qurulanların qorunub-saxlanılması barədə tapşırıqlar verib.
Binanın həyətində uşaqlar üçün attraksionlar quraşdırılıb, istirahət guşəsi yaradılıb və abadlıq işləri görülüb.