Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycanın inkişafı Türkiyənin inkişafı, Türkiyənin inkişafı isə Azərbaycanın inkişafıdır. Naxçıvan Muxtar Respublikası ilə Ərzurum vilayəti arasındakı münasibətlərin tarixinə diqqəti çəkən Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Ali Məclisin Sədri muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı təhsil əlaqələrindən danışıb, Naxçıvan Dövlət Universitetinin Türkiyənin universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Ali Məclisin Sədri Ərzurum Vilayətinin nümayəndə heyətinin Naxçıvana səfərinin səmərəli olacağına əminliyini bildirib.
Ərzurum Vilayətinin valisi Okay Memiş göstərilən diqqətə görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini və burada şahidi olduğu inkişafın onda böyük təəssürat yaratdığını bildirib. Ərzurum Vilayəti haqqında ətraflı məlumat verən vali Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişləndirilməsində səylərin artırılacağını vurğulayıb.
Sonra xatirə şəkli çəkdirilib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.