Oktyabrın 15-də Yuxarı Buzqov kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, binada 2-si elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı və kitabxana vardır. Kompüter otağında yeni kompüterlər quraşdırılıb və internetə qoşulub. Məktəbin kitabxana fondunda 180-i dərslik və 1050-si bədii ədəbiyyat olmaqla, 1230 kitab vardır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Məktəb müasir tədrisin tələblərinə tam cavab verən səviyyədədir. Burada müəllim kollektivi də formalaşıb. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Təhsili güclü olan dövlət hər şeyə qadirdir”. Dövlətimiz də bu şəraiti ona görə yaradır ki, dağ və sərhəd kəndində uşaqlar təhsildən kənarda qalmasınlar, təhsilli böyüsünlər, peşə sahibi olsunlar. Məktəb işi daim diqqət mərkəzində olmalı, tədris müasir tələblər səviyyəsində qurulmalıdır. Çünki məktəbdə ölkənin gələcəyi yetişir. Qarşınızda bir vəzifə var: O da ölkəmizin gələcəyini hazırlamaq, yetişdirməkdir. Bu kəndin inkişafı daim diqqət mərkəzində olub. Kənddə dövlət qurumlarının fəaliyyəti təmin edilib. Bu gün isə müasir məktəb kollektivin istifadəsinə verilir. Bu işləri həyata keçirməkdə məqsəd ondan ibarətdir ki, kənddə həyat davam eləsin. Bunun üçün də birgə səy göstərmək lazımdır.
Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulayıb.
Yuxarı Buzqov kənd tam orta məktəbinin müəllimi Əfqan Vəliyev minnətdarlıq edərək deyib ki, bu gün hər cür şəraitə malik müasir tipli məktəb binası istifadəmizə verilir. Belə gözəl və yaraşıqlı məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin bu arzusu indi reallığa çevrilib. Bu isə məktəbdə tədrisin səviyyəsinin artmasına, yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə əlverişli şərait yaradır. Əfqan Vəliyev təhsilin inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edəcəklərini, gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışacaqlarını, savadlı və vətənpərvər gənclər yetişdirərək etimadı doğruldacaqlarını bildirib.
Məktəbdə fərdi qazanxana qurulub, binanın həyətində açıq idman qurğuları istifadəyə verilib, həyətdə abadlıq işləri aparılıb.