Əhalinin etibarlı ərzaq təminatında taxılçılıq mühüm yer tutur. Bu sahənin dövlət tərəfindən dəstəklənməsi, texnika, gübrə və toxum təminatı, eləcə də mütərəqqi suvarma sistemlərinin qurulması məhsul istehsalının artmasına səbəb olub. Hazırda muxtar respublikada payızlıq taxıl əkini aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrinə gəlib, taxıl əkininin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, muxtar respublikada payızlıq taxıl əkini zamanı aqrotexniki qaydalara əməl olunur, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görülür. Toxumun dərmanlanması bu işdə xüsusi əhəmiyyətə malikdir. Torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı məhsuldar toxumlarla təmin edilməsi sahəsində tədbirlər görülüb və tələbata uyğun toxum ehtiyatı yaradılıb.
“Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl sahələrində muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış, şaxtaya, zərərvericilərə və xəstəliklərə qarşı davamlı olan “Qobustan”, “Quality” və “Qılçıqsız” toxum sortları əkilir. Cücərmə qabiliyyəti 92-95 faiz olan toxum sortları Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq laboratoriyasında analiz olunub. Bu günə kimi 303 hektar sahədə səpin aparılıb. Hər hektara torpağın strukturuna uyğun 100 kiloqram zənginləşdirilmiş qarışıq gübrə səpilir. Bu da cücərmədə və bitkinin vegetasiya dövründə inkişafı üçün mühüm rol oynayır.
Müasir texnika və texnoloji avadanlıqlarla təmin olunmuş “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələri 2 min hektardır. Ərazinin 818 hektarında qapalı suvarma şəbəkəsi qurulub. Hazırda 661 hektar sahədə qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir.
Ali Məclisin Sədri torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsinin vacibliyini bildirib, muxtar respublikada dəmyə taxıl əkininin genişləndirilməsi, növbəli əkinə üstünlük verilməsi, ərazidə qoruyucu yonca əkininin aparılması və qapalı suvarma şəbəkəsinin qurulması barədə müvafiq tapşırıqlar verib.