Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.
Hərbi hissələrdə istifadəyə verilən yeni yaşayış binaları zabit-gizir ailələrinin rahat yaşayışını təmin edir. Bu il də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası tikilir.
İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan tikinti işləri ilə maraqlanıb.
Bildirilib ki, 44 mənzilli yaşayış binası 5 mərtəbədən ibarət olacaq. Hazırda binanın birinci mərtəbəsində tikinti işləri başa çatdırılıb. İki, üç və dörd otaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, mebel dəstləri və digər ev əşyaları qoyulacaqdır. Binanın həyəti də abadlaşacaq, avtomobil dayanacağı istifadəyə veriləcəkdir.
Sonra Ali Məclisin Sədri Qıvraq qəsəbəsində salınan yeni istirahət parkına da baxıb.
Məlumat verilib ki, sakinlərin və hərbiçi ailələrinin mənalı istirahətini təmin etmək üçün parkda yaşıllıq və gülkarlıq sahələri ayrılıb, gəzinti yolları çəkilib. Parkda fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq, oturacaqlar qoyulacaq, dayanacaq yaradılacaqdır.
Ali Məclisin Sədri yaşayış binasında və istirahət parkında tikinti işlərinin keyfiyyətlə aparılması, istirahət parkı salınan ərazidə avtomobil yolunun genişləndirilməsi barədə tapşırıqlar verib.