Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada yol infrastrukturunun idarəçiliyi sistemi böyük inkişaf yolu keçib, yol təsərrüfatının yenidən qurulması istiqamətində kompleks tədbirlər görülüb. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, yol çəkilişində istifadə üçün 38 müxtəlif təyinatlı texnika alınıb. Yaradılan şərait muxtar respublikada keyfiyyətli avtomobil yollarının çəkilməsinə imkan verir. Bəhruz Əsgərov agentliyin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasını göstərilən dövlət qayğısının daha bir ifadəsi olduğunu bildirib, yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 2018-ci il fevralın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Avtomobil Yolları Dövlət Şirkətinin bazasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmışdır. Bu gün isə agentlik üçün ayrılan bina əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilir.
Ali Məclisin Sədri bu münasibətlə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini təbrik edib və deyib: Ölkəmizdə avtomobil yollarının çəkilişinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında da hər il 100 kilometrə yaxın yeni avtomobil yolları çəkilərək və müasir standartlar səviyyəsində yenidən qurularaq əhalinin istifadəsinə verilir. Bu il də muxtar respublikada avtomobil yollarının tikintisi davam etdirilir. Muxtar respublikada həm birinci dərəcəli yollar, həm də kənd yolları üçün layihələr hazırlanaraq tikinti işlərinə başlanmışdır.
Ali Məclisin Sədri deyib: Yol tikintisi üçün, ilk növbədə müasir avadanlıqlar, keyfiyyətli asfalt materialı və mütəxəssislər olmalıdır. Bu gün istifadəyə verilən binada yol tikintisi sahəsində çalışan mütəxəssislər üçün lazımi iş şəraiti yaradılıb. Hazırda keyfiyyətli asfalt istehsalını həyata keçirmək üçün müasir asfalt zavodu qurulur. Həmçinin bu il yeni yol-tikinti texnikalarının alınıb gətirilməsi nəzərdə tutulur. Yaxşı iş şəraiti, müasir texnika və keyfiyyətli asfalt təminatı avtomobil yollarının keyfiyyətlə çəkilməsinə və uzun müddət istismarına imkan verəcəkdir.
Ali Məclisin Sədri qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələr avtomobil yollarının, körpülərin və digər yol qurğularının layihələndirilməsi, tikintisi, saxlanması və yenidən qurulması işlərini həyata keçirməkdən ibarətdir. Həmçinin layihə və smeta sənədlərinin ekspertizası, görülən işlərin pasportlaşdırılması və istismarı da agentliyin qarşısında duran əsas vəzifələrdir. Ona görə də Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi keyfiyyət amilinə xüsusi diqqət yetirməlidir ki, iş vaxtını çəkilmiş yolların yenidən bərpasına deyil, yeni yolların tikintisinə sərf etsinlər. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən lazımi işlər həyata keçirilir, vəsait ayrılır, yeni texnikalar alınır. Bütün bunlar da muxtar respublikada istənilən yol-tikinti işlərinin Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilməsinə imkan verəcəkdir. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi də məhz muxtar respublikada keyfiyyətli yolların çəkilməsinə hesablanıb. Ona görə də mütəxəssis hazırlığına diqqət yetirilməli, alınan avadanlıqlar qorunmalı, onlardan səmərəli və uzun müddət istifadə olunmalı, tikinti işləri keyfiyyətlə aparılmalıdır.
“Bu gün ölkəmizdə, eyni zamanda muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşmasının nəticəsidir ki, avtomobillərin sayı günbəgün artır. Bu da yeni avtomobil yollarının çəkilməsini və tikinti işlərinin keyfiyyətlə yerinə yetirilməsini zəruri edir”, – deyən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.
Sonra binaya baxış olub. Məlumat verilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 21 iş otağı, 50 yerlik akt zalı, arxiv, anbar, 8 ehtiyat otaq və bufet yerləşir. Binada agentliyin aparatı ilə yanaşı, “Siqnal” ixtisaslaşdırılmış layihə istehsalat qrupu üçün də iş şəraiti yaradılıb. İş otaqları kompüter dəstləri və digər avadanlıqlarla təmin olunub.
Binada istilik sistemi qurulub, həyətdə abadlıq işləri aparılıb və 5 qaraj istifadəyə verilib.
Ali Məclisin Sədri Avtomobil Yolları Dövlət Agentliyi üçün alınan yeni texnikalara baxıb. Bildirilib ki, 2 ədəd “CAT” markalı qazıcı və yükləyici, 3 ədəd yol nişanları vuran avtomobil yol-tikinti işlərində yüksək iş göstəricilərinə malikdir. Yeni texnikalar Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon və kəndlərində yol tikintisi zamanı istifadə olunacaqdır.
Ali Məclisin Sədri yeni texnikalardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.