Müstəqil Azərbaycanda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir.
Aprelin 11-i ölkəmizdə növbəti prezident seçkiləri günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. 7 seçki dairəsi üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Muxtar respublika üzrə 262 min 874 seçici qeydə alınıb ki, onlardan da 1368-i ilk dəfə səs verənlərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, 4-15 saylı seçki məntəqəsində 1494 seçicinin səs verməsi nəzərdə tutulub. Əhali mütəşəkkilliklə seçkilərdə iştirak edir. Saat 11:00-a qədər seçki məntəqəsində seçicilərin 30 faizi səs verib.