Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində görüş keçirilib.
Görüşdə çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul, eləcə də 2019-cu il 3 aprel tarixli müvafiq sərəncamları elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına stimul yaradıb.

Diqqətə çatdırılıb ki, təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsində əsas məqsəd güclü təhsil ­infrastrukturunun, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqinə təkan verməkdən ibarətdir. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının xüsusi önəmi vardır. Belə layihələrə dövlət tərəfindən xüsusi qayğı ilə yanaşılır və layihələrin “İdeyadan başlanğıca” çevrilməsi üçün bütün lazımi dəstək göstərilir. Startap layihələr hazır­layan qrupların tərkibinə hüquq təhsili alan qabaqcıl tələbələrin cəlb edilməsi xüsusilə vacibdir.
Vurğulanıb ki, məlum sərəncamla Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası digər hüquq-mühafizə orqanları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin də hamiliyinə verilib. Tərəfinizdən hazırlanan startap layihələrin hüquqi müstəvidə dəyərləndirilməsində hami olaraq nazirlik öz səlahiyyətləri çərçivəsində bütün lazımi köməklikləri göstərəcək.
Rəşad Seyidov deyib ki, hazırda nazirlik sistemində “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində yeni nəsil videomüşahidə kameralarının quraşdırılması, müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması istiqamətində nazirliyin Orta İxtisas Polis Məktəbinin yaradılması uğurlu startap layihələrinin bir hissəsi kimi qiymətləndirilir.
Naxçıvan Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev tələbələrlə görüşdə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı nəticəsində muxtar respublikamızın ­hüquq­-mühafizə, o cümlədən daxili işlər orqanları üçün müasir iş şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək üçün Ali Məclis Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb. Bu, muxtar respublikamızda gənclərə göstərilən növbəti qayğının bariz nümunəsidir.
Sonra tələbələr Orta İxtisas Polis Məktəbinin tədris kompleksi ilə yaxından tanış olublar. Məktəbin Kriminalistika kabinəsində onlara yazı xətlərinin xüsusi əlamətləri, məhkəmə foto­qrafiyası, ayaq izinin surətinin hazırlanması, trasologiya, daktiloskopiya, kriminalistik ballistika barədə danışılıb, müəyyən vasitələrdən istifadə qaydaları göstərilib.
Avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti kabinəsi də şagirdlərə xeyli bilgi verib. Burada onlar nizamlayıcının siqnalları, yol üzərində istifadə olunan işarələr, xəbərdarlıq, üstünlük, qadağan, servis, əlavə məlumat, məlumatverici – göstərici nişanlar və sair haqqında ətraflı məlumat alıblar.
İnteraktiv atəş hazırlığı sinfindəki məşğələdə də tələbələr fəal iştirak ediblər.
3 min kitab fondu olan kitabxanada ümummilli liderimiz Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən siyasi ədəbiyyatlar, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr tələbələrdə yüksək təəssüratlar yaradıb.