Naxçıvan Şəhər Orta İxtisas Polis Məktəbində keçirilən seminar-müşavirəni giriş sözü ilə açan məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 aprel 2022-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə nümunəvi təlimat təsdiq edilib. Həmin qərardan irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollegiyasının 15 aprel 2022-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində informasiya təhlükəsizliyinin təminatı üzrə təlimat” təsdiq edilib. Təlimat daxili işlər orqanlarında informasiya təhlükəsizliyinin təşkili və təmin edilməsi, struktur qurumlar və əməkdaşlar üçün bu sahədə məcburi tələbləri müəyyən edir. Keçirilən seminar-müşavirədə də informasiya təhlükəsizliyi sahəsində daha geniş məlumatlandırma məqsədi daşıyır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İnformasiya-kommunikasiya şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kənan Məmmədov informasiya texnologiyalarının həyatımızdakı əhəmiyyətindən, informasiya təhlükəsizliyinin qorunması və vacib tələblərin yerinə yetirilməsi mövzusunda məlumat verib.
Sonra tədbir iştirakçıları elektron hökumət, elektron imza, asan imza, biometrik imza, kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi, məxfi məlumat bu və ya digər mövzular barədə məlumatlandırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.